Paşinyan üçün “dar ağacı”


Dünya 18 Fev 2019 12:59:00 244 0

Paşinyan üçün “dar ağacı”

Ötən həftə Ermənistanın bir sıra bölgələrində sosial etirazlar baş verdi. Bu da, əsasən, müəssisələrin qapadılması nəticəsində yaranan işsizliklə bağlı idi. Müşahidələr göstərir ki, bu problem getdikcə böyüyəcək. Çünki yeni baş nazir Nikol Paşinyanın populist vədlərinə rəğmən, ölkədə 9 ayda gözə dəyəsi iş yerləri açılmayıb. Əksinə, struktur dəyişikliyi adı ilə aparılan ixtisarlar nəticəsində işsizlər ordusunun sırası genişlənib. Demək, yoxsulların sayı da çoxalıb.

Son.az "Yeni Müsavat"a istinadən xatırladır ki, ötən həftə parlamentdə hökumətin yeni proqramının təqdimatı zamanı etdiyi çıxışında N.Paşinyan iqtisadi sıçrayış üçün ölkədə "iqtisadi inqilab"ı başladığını bəyan edib. Sitat: "Ümid edirəm ki, siyasi inqilabda qalib gələn xalq iqtisadi inqilabda da qalib olacaq". Paşinyan, həmçinin əsas hədəflərdən biri kimi ölkədə yoxsulluğu minimuma endirmək olduğunu söyləyib.

Ancaq bir xalqın ayağa durub hakimiyyəti dəyişməsi başqa şeydir, inqilabdan sonra qısa zamanda iqtisadi sıçrayışa, rifaha nail olub yoxsulluğu aradan qaldırmaq - ayrı şey. Ona görə ki, iqtisadiyyata ləng inkişaf tempi xasdır. O da bütün zəruri iqtisadi şərtlər təmin edilırsə. Ermənistan kimi blokada vəziyyətində olan, əsas qonşuları Azərbaycan və Türkiyə ilə sərhədləri 30 ildir bağlı qalan, dünya okeanına çıxışdan və sanballı təbii resurslardan məhrum, nəhayət, Rusiyanın vassalı olmağa davam etməyə qərar vermiş bir ölkədə iqtisadi inkişaf real deyil. Söhbət ən yaxşı halda indiki staqnasiyanı (durğunluğu) saxlamaqdan gedə bilər.              

*****

Əksər iqtisadçı ekspertlər və siyasi şərhçilər bu səbəbdən stəkanda "fırtına" yaratmağı xoşlayan Nikolun "iqtisadi inqilab"la bağlı nikbinliyini qətiyyən bölüşmürlər. Onların qənaətincə, problemlərin problemi olan Dağlıq Qarabağ məsələsində ciddi irəliləyiş olmayınca, işğalçı ölkə kommunikasiya və sərhəd blokadasından çıxmayınca, qonşu Türkiyə və Azərbaycanla əlaqələr düzəlməyincə, Ermənistanda nə sosial-iqtisadi güzəranı yaxşılaşdırmaq, nə də yeni iş yerləri açmaq və nəticə etibarilə ölkədən kütləvi köçü azaltmaq mümkün olacaq.

Hər necə olmasa, Paşinyan əvvəlki hakimiyyətlərin acı təcrübəsini, həmin hakimiyyətlərin əsas hansı səbəbdən devrildiyini özü üçün yəqin eləsə, pis olmaz. Çünki bu, həm də onun və komandasının siyasi gələcəyi üçün vacibdir. Səbəb isə əlbəttə ki, erməni tərəfinin radikal mövqeyi üzündən həlli uzanan Qarabağ ixtilafıdır.

Nikol Paşinyan isə hələ ki daha çox populist təəssüratı bağışlayır, nəinki islahatçı. Amma vaxt gedir. "Qum saatı" işə düşüb. İki ay yarımdan sonra inqilabın 1 ili tamam olacaq və artıq onda vədlərdən yox, görülən işlərdən danışmaq, hesabat vermək lazım gələcək. İnqilab rəhbərlərindən gözləntilər isə həmişə böyük olub. Fiasko olan vədlər Paşinyanı da "dar ağacı"na apara bilər...

***** 

Son günlər bir çox yerli aparıcı KİV-lər və erməni analitiklər Ermənistanda davam edən iqtisadi staqnasiya fonunda az sonra yeni hökumətin də əvvəlkilər tək xalqa verilən vədləri unudaraq, yerlibazlığa və qohumbazlığa, korruspiyaya yuvarlanacağını istisna etmirlər.