“Könüllülər Parlamenti Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib


Digərləri 18 Fev 2019 12:09:00 196 0

“Könüllülər Parlamenti  Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib

Bu gün Milli Məclis və "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı ilə "Könüllülər Parlamenti - Azərbaycan, 2019" layihəsinin açılış mərasimi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra tədbirdə çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan "ASAN Xidmət" artıq dövlətdaxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib:

"Bir çox ölkələr "ASAN Xidmət"in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs "ASAN Xidmət"ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır. Sizin gələcək fəaliyyətiniz üçün burada qazanacağınız təcrübə böyük rol oynayacaq".

Tədbirdə çıxış edən "ASAN Xidmət"in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, "ASAN Könüllüləri" hazırda 17 mindən çox könüllünü özündə birləşdirir.