Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib (FOTO)


Digərləri 18 Fev 2019 11:41:00 215 0

Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib (FOTO)

Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 27 il ötür.

Bakı. Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan tərəfindən işğal edilməsindən və kənd sakinlərinin soyqırımına məruz qalmasından 27 il ötür. Xocavənd rayonunda bu münasibətlə anım tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Dövlət Komitəsinin və yerli icra orqanlarının əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Nərgiztəpədə ucaldılmış abidə kompleksi ziyarət edilib. Faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirdə qeyd olunub ki, 4 il erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndində Qarabağ müharibəsinin ən dəhşətli faciələrindən biri yaşanıb. Erməni quldurlar 1992-ci il fevralın 17-də kəndi işğal edərək yandırıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Kəndin 91 sakini amansızcasına qətlə yetirilib, 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxışnda vurğulayıb ki, Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması, Ermənistanın yenidən ərazi iddiaları irəli sürməsi və işğal siyasəti aparması Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi və qətiyyətsizliyi ilə əlaqədar idi. Təəssüf ki, həmin dövrdə respublikaya rəhbərlik edən şəxslər öz məsuliyyətini dərk edə, milli maraqlarımızı qoruya bilmirdilər. Yalnız ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda müstəqil dövlətçiliyin süqutunun qarşısı alındı, xalqın birliyi təmin olundu, separatçı və işğalçı qüvvələrə qarşı güclü müqavimət təşkil edildi.