Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir


Digərləri 18 Fev 2019 11:33:00 198 0

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir

Xalqımızın sosial-rifah halının durmadan yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasi kursun ana xəttidir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək böyük iqtisadi uğurlar əldə edib. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrufatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatı 1,8 milyard dollardan 46 milyard dollara çatıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev deyib. Sədr müavini deyib ki, əldə olunan bu iqtisadi uğurlar ölkədə geniş sosial islahatlar artırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradıb: "Ölkədə 2 milyon yeni iş yeri açılıb, əmək haqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 49 %-dən 5,4 %-ə endirilib. Son 15 ildə 3 min 200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb". R.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərilir. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident tərəfindən imzalanan ilk fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm atdimlardan biridir: "2019-cu il yanvarın 1-i tarixinə 12 779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11 994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49 692 nəfər Qarabağ müharibəsi veteranı müavinəti ilə təmin olunur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox, 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövürdə mütəmadi olaraq artırılıb. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə 01.02.2019-cu il tarixdən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 242 manatdan artırılaraq 300 manat müəyyən edilib".