Qəzəblənmə!


Digərləri 17 Fev 2019 23:40:00 209 0

Qəzəblənmə!

İslam dini insanlara gözəl əxlaqı əmr edir. Mülayim olmaq və qəzəbi tərk etmək gözəl əxlaqdan irəli gəlir. Kim tez qəzəblənərsə, pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir. Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir". (Ali İmran, 133‐134).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mülayimliyin Uca Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək Əşəc Abdulqeys adlı səhabəsinə (Allah ondan razı olsun) belə demişdir: "Səndə iki xislət var ki, Allah onları sevir. (Bunlar) mülayimlik və təmkinli olmaqdır". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 586).

Qəzəb bütün şəri özündə cəm edir. Son.az zikr.az-a istinadən bildirir ki, ağıllı və xeyirxah insan qəzəbli halda pis işlər və qatı cinayət törədə bilər. Rəvayət edilir ki, bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Mənə nəsihət et!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Qəzəblənmə! Həmin adam sualını bir neçə dəfə təkrar etdi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) də hər dəfəsində eyni cavabı verdi". (əl-Buxari, 6116). Suleymən ibn Surad (Allah ondan razı olsun) demişdir: "İki nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında söyüşməyə baş­ladı. Onlardan biri qəzəbləndi. Onun qəzəbi o qədər artdı ki, axırda o pört­dü və onun sifəti dəyişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı oldu) dedi: "Mən elə bir kəlmə bilirəm ki, əgər o, bunu desə, qəzəb hissi ondan gedər!" Bir nəfər ge­dib Peyğəmbə­rin (ona Allahın salavatı və salamı oldu) dediyini ona bildirdi və: "Məlun şeytandan Allaha sı­ğın!" - dedi. O isə, belə cavab verdi: "Yoxsa, mənə nə isə olduğunu güman edir­sən?! Məgər, mən dəliyəm? Get (işinlə məşğul ol)!" (əl-Buxari, 6048).

İslam dini insanın ehtiyacı olan hər bir şey haqqında danışmışdır. İslam dini sadəcə olaraq gözəl əxlaqı əmr etmir, hətta buna nail olmağın yolunu göstərir. Qəzəb şeytan əməlindəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəzəblənən adama su içməyi əmr etmişdir. Belə ki, su qəzəbin hərarətini soyudur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Qoy sizdən biri qəzəb­lən­di­yi zaman sus­sun". (Əhməd ibn Hənbəl, 1/239).

Eləcə də ayaq üstədirsə, oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Qoy siz­dən biri qəzəblən­diyi zaman otursun. Qə­zə­bi soyumasa, uzansın". ("Sahih əl-Cəmiu', 694).