Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı:


Digərləri 17 Fev 2019 22:54:00 203 0

Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı:

Bir neçə evdən oğurluq edən iki nəfərlik dəstə hakim qarşısına çıxarılıb. Onlardan biri öz qohumlarının da evindən oğurluq edibmiş.

Son.az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Rahib Nəzərov ifadəsində bildirib ki, həbs edilənlərdən biri- Elnur Axundov bacısının oğludur.

Nəzərov evindən 3 min manat dəyərində oğurluq edildiyini deyib. Bildirib ki, dəymiş zərərdən 700 manata qədəri ödənilib.

Hakimin "şikayət və tələbiniz varmı" sualına cavab verən Rahib Nəzərov bildirib ki, sadəcə bacısının oğlunu tanıyır və bu işin də onun tərəfindən edildiyini güman edir:

"Digərini tanımıram. Bu Elnur virusdur. O, ailəsinə və ətrafına ancaq zərər vurur. Mən onu xəstə atasına görə bağışlayıram. Mənə ziyan dəyib, onu da tələb eləmirəm"- deyə zərərçəkmiş şəxs bildirib.

Məhkəmədə olan zərərçəkmişlər deyib ki, edilən cinayətləri Elnur planlaşdırıb. Onların sözlərinə görə Elnur qohumlarının və qəsəbədə tanıdığı şəxslərin evinə oğurluğa girmək planını qurub.

Məhkəmədən söz istəyən Elnur Axundov əməlindən peşman olduğunu deyib. O, ittihamda yazılan bəzi məqamlarla da razılaşmadığını söyləyib. Qeyd edib ki, oğurluğa girdiyi evlərdə heç kimə qarşı zor tətbiq etməyib, heç kimi döyməyib və əllərini bağlamayıblar.

O, əməlinə düzgün qiymət verilməsini məhkəmədən xahiş edib.