Allah kimləri sevir?


Digərləri 17 Fev 2019 22:20:00 360 0

Allah kimləri sevir?

Qurani Kərimdə və Muhəmməd peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində Uca Allahın müəyyən əməlləri, sözləri və müəyyən xislətlərə sahib olan bəndələrini sevdiyi xəbər verilir. Onun bu haqda bizə xəbər verməsi bizim dərhal Onun sevdiyi həmin xislətlərə sahib olmağımız, Onun sevdiyi əməlləri etməyimiz və tez-tez Onun sevdiyi sözləri söyləməyimiz üçündür. Bunları yerinə yetirməklə biz Onun məhəbbətini qazana bilərik. Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah müttəqi bəndələrini sevir. Müttəqilər Uca Allahın buyurduqlarını yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlərdir. Uca Allah buyurur: "Həqiqətən, Allah müttəqiləri sevir". (ət-Tovbə, 4).

O, yaxşılıq edənləri sevir: "Allah yaxşı iş görənləri sevir". (Ali İmran, 134).

O, tövbə edənləri və günahdan təmizlənənləri sevir: "Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).

O, səbir edənləri sevir: "Allah səbir edənləri sevir". (Ali İmran, 146).

O, ədalətli olanları sevir: "Şübhəsiz ki, Allah ədalətli olanları sevir". (əl-Məidə, 42).

O, təvəkkül edənləri sevir: "Həqiqətən, Allah təvəkkül edənləri sevir". (Ali İmran, 159).       Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) Uca Allahın sevdiyi və razı qaldığı bütün əməllər, əxlaqı keyfiyyətlər və sözlər haqqında xəbər vermiş və o, özü bu xüsusiyyətlərə sahib olmuşdur. Ona görə də Uca Allah ümumi məna daşıyan bir ayədə Öz məhəbbətini Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmağa bağlamışdır. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).