Qərblə Rusiya növbəti “rinq”i


Digərləri 17 Fev 2019 21:35:00 222 0

Qərblə Rusiya növbəti “rinq”i

SSRİ-nin dağılmasından sonra 44 milyonluq pravoslav Ukrayna ABŞ və Rusiya kimi iki böyük qüdrətin daim diqqət mərkəzində olub. Heç kəs üçün sirr deyil ki, "böyük oyunçular"ın maraqları toqquşduğu hər məkan sakinlərinə əsl cəhənnəm yaşadan mübarizə meydanına - rinqə çevrilir. Ukraynada məhz belə oldu. 2004-cü ildə ABŞ siftəsini edərək ölkədə ilk "Maydan" yaratdı. Həmin il Ukraynada "Narıncı inqilab" nəticəsində Viktor Yuşşenko prezident, Yuliya Timoşenko isə baş nazir seçildi. Rusiya Ukraynada baş verən hadisələri diqqətlə izləyərək "kənardan müşahidəçi" siyasətinə üstünlük verdi.

Yuşenkko ilə Timoşenkonun ABŞ əlində alət olduğu özünü tez büruzə verməyə başladı. Ukrayna hakimiyyəti bir-birinin ardınca Rusiya əleyhinə qanunları qəbul edərək, kursu birbaşa Avropa istiqamətinə götürdü. Lakin tez bir zamanda ölkədə yaranan klan hakimiyyəti, korrupsiya və ordunun dəhşətli dərəcədə zəifləməsi Rusiya ilə eyni dinə və eyni dilə malik olan ukraynalıların gözünü açdı. Son nöqtəni isə Timoşenko qoydu. Onun rəhbərliyi altında imzalanmış qaz kontraktı faktiki olaraq Ukraynanın iqtisadiyyatının bel sütununu qırdı və hələ də qırmaqdadır. Şəxsi ambisiyasından başqa heç nəyi qəbul etməyən Timoşenko cari il 31 mart tarixində keçiriləcək prezident seçkilərində namizədlərdən biridir. 

Son.az faktxeber.com-a istinadən bildirir ki, Rusiya Ukrayna hakimiyyətinin bu məsuliyyətsizliyindən ən gözəl şəkildə istifadə etdi. Bunun nəticəsində 2010-cu ildə Ukraynada keçirilən seçki nəticəsində qərbpərəst Yuşşenko deyil, rusiyapərəst Viktor Yanukoviç qalib gəldi. Bundan sonra Ukraynada ölkəyə nisbi sabitlik gətirən durğunluq dövrü başladı. Lakin bu proses uzun sürmədi. 2013-cü ildən başlayaraq Qərbin ən güclü təbliğat maşınlarından biri sayılan KİV Ukrayna hakimiyyətinə qarşı qara piara start verdi. Nəticədə, ABŞ 2014-ci ildə Ukraynada ikinci "Maydan"ı təşkil etməklə, Rusiyaya növbəti dəfə gücünü nümayiş etdirdi. Beləliklə, Ukraynada ikinci "Maydan" nəticəsində növbəti dəfə dövlət çevrilişi oldu. Viktor Yanukoviç 2014-cü ilin fevral ayında Rusiyaya qaçmaq məcburiyyətində qaldı.

Ukrayna xalqı növbəti 5 il üçün öz rəhbərini seçdi. Mayın 25-də Ukraynada keçirilən növbədənkənar prezident seçkilərində Ali Radanın üzvü, məşhur iş adamı Pyotr Poroşenko seçkilərdə qalib gəldi. Qərb bu şəxsi hərtərəfli dəstəklədiyini və onunla işləməyə hazır olduğunu bildirdi. Lakin burda bir nüans var: siyasi təcrübəsi kifayət qədər zəngin görünsə də Poroşenko siyasətçi deyil. Siyasətə girməzdən öncə o, sahib olduğu şirniyyat və şokolad fabriklərinin sayına görə "Şokolad kralı" kimi tanınıb. Nəhəng "Roşen" şirkəti ona məxsusdur. Onun mülkiyyətində Lutskdakı "Motosiklet" fabriki və 5 televiziya kanalı var. 2 milyard dollara yaxın sərvətə malik olan Poroşenko prezident olmamışdan əvvəl Ukraynanın xarici işlər, iqtisadiyyat naziri və Milli Təhlükəsizlik Şurasının sədri vəzifələrini icra edib. Yeni prezidentlə bağlı maraqlı statistika ondan ibarətdir ki, Poroşenkoya aid şokolad və şirniyyat fabriklərinin məhsullarının 50%-i Rusiyaya ixrac edilirdi. Poroşenkonun siyasi həyatı çox ziddiyyətlidir. 2005-ci ildə Ukraynada baş verən "Narıncı inqilab"da qalib gələn Viktor Yuşşenko onu Milli Təhlükəsizlik Şurasının başçısı təyin edir. Daha sonra isə Milli Bankın başçısı vəzifəsinin icrasına başlayıb. Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun kabinetində də yer alan Poroşenko 2009-2010-cu illərdə xarici işlər naziri kimi çalışıb. Poroşenkonun Nikolay Azarov hökumətində də iştirakı olub. O, 2012-ci ildə iqtisadiyyat naziri olub. 2013-cü ilin sonlarında isə Ukraynada "Maydan" hərəkatı başlayanda Poroşenko Yanukoviçin devrilməsində xüsusi fəallıq göstərib. Xalq da Poroşenkodan çox şey gözləyirdi. Lakin hadisələr əks istiqamətdə cərəyan etməyə başladı. Şərqi Ukraynada müharibə bir qədər də qızışdı. Xeyli sayda itkilər oldu və bu gün də hadisələr eyni xətt üzrə inkişaf etməkdədir.

Bu dəfə Rusiya "müşahidəçi" siyasəti deyil, konkret tədbirlər və sərt addımlar siyasəti seçdi. Rəsmi Moskva Krımı ilhaq etdi və Şərqi Ukraynada (Donbas) müharibəni pik həddə çatdırıb.