Təqva dinin qayəsidir
Digərləri 17 Fev 2019 20:55:00 235 0
Təqva sözü qorunma, çəkinmə deməkdir. Təqva insanın özü ilə qorxub çəkindiyi şey arasında onu qoruyacaq bir maneə qoymasıdır. Təqva savabını Allahdan umaraq Onun əmrlərini yerinə yetirmək və Allahın əzabından qorxaraq Onun qadağan etdiyi şeylərdən çəkinməkdir.
Böyük nəsihət Son.az zikr.az-a istinadən bildirir ki, təqva dinin qayəsi, hər bir xeyirin əsasıdır. Bu, Uca Allahın həm əvvəlkilərə, həm də sonrakılara etdiyi böyük bir nəsihətdir. O buyurur: "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. Əgər Allahı inkar etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir" (ən-Nisa, 131). Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - xutbə verərkən insanlara təqvanı xatırladaraq bu ayələri oxuyardı: "Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Ali İmran, 102). "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir" (ən-Nisa, 1). "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar" (əl-Əhzab, 70-71). Həmçinin, Peyğəmbər öz səhabəsinə nəsihət edərək buyurmuşdur: "Harada olsan, Allahdan qorx. Günah etsən, ardından yaxşı əməl et ki, onu silsin və insanlarla gözəl rəftar et". (ət-Tirmizi, 1988).