Sovet ordusu çıxandan 30 il sonrakı Əfqanıstan: keçmiş və indiki


Digərləri 17 Fev 2019 19:59:00 252 0

Sovet ordusu çıxandan 30 il sonrakı Əfqanıstan: keçmiş və indiki

Son 40 ildə müharibə əfqanlar üçün həyatın ayrılmaz hissəsi olub. Onlar açıq deyirlər ki, ən böyük arzuları bir az da olsa, sülh şəraitində yaşamaq, silah görməmək və uşaqlarının həyatına görə qorxmamaqdır.

Fasiləsiz atışmalar, partlayan bombalar, dağıdılmış infrastruktur və və artmaqda olan narkotik ticarəti şəraitində həyat necə keçir?

BBC-Rusiya xidməti Əfqanıstan əhalisindən xahiş edib ki, sovet ordusunun hərbi əməliyyatları dönəmindəki yaşayışlarıyla indiki həyatlarını - Əfqanıstanda ABŞ və digər NATO ölkələri ordularının olduğu dövrü müqayisə etsinlər.

Keçmiş müəllim, təqaüdçü Həbibula: "İndi insanlar Rusiyaya ehtiyatla yanaşırlar"

Sovet ordusu Əfqanıstana girəndə mənim 20 yaşım vardı.

Onda düşünmüşdüm ki, bu, ölkəmizin tarixində böyük bir faciənin başlanğıcıdır. Həqiqətən də elə oldu: müharibə başladı və hələ də davam edir. Sovet ordusu burda olanda çoxlu bina tikilib - budur, bu, 2-ci, bu da 3-cü mikrorayon.

O vaxt Əfqanıstan ordusu çox yaxşı silahlandırılmış, yaxşı da təlim keçmişdi. Xalq sovet hərbçilərinə simpatiya bəsləyirdi.

Sovetlər Əfqanıstandan çıxanda hər kəs - xalq da, bizim hərbçilər də bunun son olduğuna, müharibənin bitdiyinə inanırdılar.

Çox təəssüf ki, hər şey tərsinə oldu. Mücahidlər şəhərlərə, əsasən də Kabula girən kimi yeni müharibə başladı.

Onlar insanlara hücum edir, onları soyurdular. Sanki yırtıcıydılar. Çox sayda qurbanlarımız oldu. Küçədə insanların öldürülməsini öz gözlərimlə görürdüm. Bu dəhşətiydi...

Əfqan xalqı üçün çox çətin illəriydi. Taliban hakimiyyətə gələn kimi qadınların təhsil aldıqları bütün müəssisələri bağladılar, insanları bütün hüquqlarından məhrum etdilər. İşsizlik və kasıblıq baş alıb gedirdi.

Düzdür, hələ də iş yoxdur, indi də aclıq çəkən insanlar var. Amma Talibanın, mücahidlər dövrüylə müqayisədə bu gün vəziyyət daha yaxşıdır.

Koalisiya (NATO-nun rəhbərlik etdiyi, Əfqanıstan ərazisində 2001-ci ildən fəaliyyət göstərən beynəlxalq hərbi koalisiya - İSAF - red.) Əfqanıstana gələndə insanlar müharibənin bitəcəyinə ümid edib amerikalıların gəlişini çox müsbət qarşıladılar. Onda həyat şərtləri də yaxşılaşmışdı.

Amerika ordusu çıxandan sonra böyük çətinliklər yarandı, yenidən işsizlik, yoxsulluq... Amma təbii ki, Taliban dövründəki vəziyyət qədər pis deyildi. Kabulda binalar, fabriklər, zavodlar tikildi, insanlar işə getməyə başladı, şəhərin siması dəyişdi. Ölkədə sülh olanda iş də olur; sülh pozulanda isə iş dayanır.

Doğrusu, bu gün əfqan xalqı amerikalıların getməsinə çox təəsüflənir. İnsanlar qorxurlar ki, müharibə yenidən başlayacaq.

İndi ən yaxşı çıxış yolu bütün tərəflərin atəşkəs elan etməsi, sonra da seçkilər keçirilməsidir. Hə, bir də əhalidəki silahlar toplanmalıdır.

Əfqanıstanda, demək olar ki, hər evdə ya tapanca, ya da "Kalaşnikov" avtomatı var. Düzdür, silah satışı gizlidir, amma o bazara heç kim nəzarət etmir. Bu işlə əsasən mücahidlər məşğul olurlar. İnsanlar özlərini qorumaq üçün silah alırlar, cinayətkarlıq səviyyəsi çox yüksəkdir.

Düzdür, bu gün insanlar küçədə rahat gəzirlər, amma həm də qorxurlar. Çünki cinayətkarlar hansısa maşını oğurlamaq üçün onun sahibini öldürə bilərlər. Təəssüf ki, oğurluq total xarakter alıb. Narkoticarət də, sursat alveri də var.

Əfqanlar indi Rusiyaya etibar etmirlər, ehtiyatla yanaşırlar, düşünürlər ki, Rusiya Əfqanıstanın işlərinə qarışmağa başlayır.

Tacvar Kakar, hüquq müdafiəçisi: "Sovet ordusu şikəst edilmiş talelər və yaralı ürəklər qoyub çıxdı"

Tacvar Kakar 1980-ci illərin əvvəllərində və indi.

Sovet ordusu Əfqanıstana daxil olanda mən məktəbdə müəllimə işləyirdim. Hələ ona qədər də - yerli kommunistlər hakimiyyətə gələndə kommunist partiyasına yazılmağım üçün mənə davamlı təzyiqlər olurdu, mən hər dəfəsində rədd edirdim.

1980-cı ildə mücahidlərə yardım ittihamıyla məni həbs etdilər.

Həbsxanada elektroşok veririrdilər, çubuqla döyürdülər, təpikləyirdilər. Onda kamera yoldaşlarımın çoxu bu işgəncələrə dözməyib öldü. O vəhşilikləri heç vaxt unutmayacam.

1979-cu ilin dekabr ayında sovet ordusu o zamankı baş nazir Hafizulla Əminin sarayına hücum edib, əməliyyat zamanı Əmin öldürülüb. Həmin hadisə nəticəsində dağıdılmış sarayın şəkli 2001-ci ilin noyabrında çəkilib

Mən həbsdən bir il sonra, işğala qarşı vuruşmaq arzusuyla çıxdım.

Hökumət qüvvələri və sovet ordusu dəhşətli izlər qoymuşdular - çox sayda mina, şikəst edilmiş talelər və yaralanmış ürəklər, Kabul ətrafındakı kəndlərdə böyük dağıntılar.

Sovet ordusunun müdaxiləsindən minlərlə insan əziyyət çəkirdi, əsasən də qadınlar...

1984-cü ildə həyat yoldaşım və mən 7 övladımızla birlikdə Əfqanıstandan Pakistana qaçmaq məcburiyyətində qaldıq. Həmin vaxt ən kiçik oğlum cəmi səkkiz günlük idi. Sovet ordusu çıxıb gedəndə elə xoşbəxt idim ki.

Tezcə evə qayıtmaq istəyirdim. Amma mücahidlər çox eqoist çıxdılar, Əfqanıstan qadınları ən çox onların dövründə zülm gördülər.

Sovet əsgərləri Kabul sakinlərinə dizel yanacağı paylayırlar

Mən Əfqanıstana 2000-ci ildə qayıtdım. Tezliklə bura Amerika ordusu gəldi.

Taliban rejiminin liderlərilə danışıqlar zamanı mən onları məktəb açmağın vacibliyinə inandıra bildim. Amerikalılar səhvən bombalayıb dağıdana qədər mən həmin məktəbdə işləyirdim.

Müharibə həmişə əzabdır. Amma amerikalıların həm Talibanla, həm də yerli hakimiyyətlə dialoq aparması çox yaxşı haldır. Üstəlik, bu da çox yaxşıdır ki, sovet işğalı dövründən fərqli olaraq indi bizdə müstəqil media, söz azadlığı var.

Bu, sülhə və normal həyata doğru bir addımdır. Biz Allaha inanırıq, biz bir olmalıyıq, hakimiyyətsə buraxılmış səhvləri və ölkədəki qarışıqlığı aradan qaldırmalıdır. İnanıram ki, indiki hakimiyyət ölkəni nəzarət altında saxlaya biləcək.

Əfqanıstan xalqı gələcək həyatları haqda özləri düşünüb özləri qərar verməlidirlər.

Məhəmməd Tahir Yarqal, keçmiş polis işçisi: "Sovet ordusu Əfqanıstandan çıxanda əsgərlərdən birinə gül bağışladım"

Sovet ordusunun Əfqanıstana girdiyi günü dəqiq xatırlayıram. Təbii ki, mən dəhşətə gəlmişdim və şokda idim. Ordu burdan çıxmağa başlayanda mən SSRİ-dən bizə hansı mirasın qaldığını analiz etməyə başladım.

O illər ərzində Əfqanıstanda yüksək qabiliyyətli professional ordu yaranmışdı, müasir döyüş sursatı bazası əmələ gəlmişdi - "Kalaşnikov" avtomatından "Skad"raketlərinə qədər (birpilləli ballistik P-17 raketləri - red.)

Bizim hərbçilər, nəhayət ki, kifayət qədər silah və patronla təmin edilmişdilər. Bu, ölkəni müdafiə etmək qabiliyyətində olan, döyüş qabiliyyətinə görə bölgədə üçüncü olan güclü bir orduydu.

Sovet hərbçiləri Əfqanıstandan çıxanda nümayişlər keçirilmişdi. Bəli, SSRİ-nin ölkəmi işğal etməsi mənim xoşuma gəlmirdi. Amma onların Əfqanıstan üçün etdiklərini analiz edib bunun mənfəətini də görə bilmişdim və ona görə də vida zamanı bir sovet əsgərinə gül bağışladım.

Sovet əsgərləri vida zamanı Kabulda şəkil çəkdirirlər. 16 may 1988-ci il.

SSRİ Əfqanıstanda külli miqdarda pul xərcləmişdi. Hazırda Əfqanıstanda olan bütün infrastruktur onlardan qalıb - binalar, bəndlər və s. Müqayisə üçün deyim ki, ABŞ yalnız bir əyalətdə - Hilmənddə kənd təsərrüfatı layihəsi gerçəkləşdirmişdi.

Amma təbii ki, hər şey bu qədər sadə və birmənalı deyildi. Ən böyük problemi SSRİ-nin öz ordusunu ölkədən hər hansı danışıqlar olmadan, şərtsiz çıxarması yaratmışdı. Əfqanıstan hakimiyyəti buna hazır deyildi!

Nəticədə müxalifət sürətlə güc topladı, bir neçə istiqamətdən postsovet hakimiyyətinə hücum edib, onu əzdi.

İnfrastruktur yaradan sovetlər uyerlilərdən ibarət güclü və vahid hakimiyyət formalaşdırmamışdılar. Amerikalılar bu səhvi təkrarlamamağa çalışırlar. Onlar ölkədən müəyyən şərtlərlə gedirlər. NATO hazırda bununla bağlı danışıqlar aparır, əfqanlarla işləyir.

Onlar ilk növbədə sülhü və sabitliyi təmin etmək, yalnız bundan sonra ölkədən çıxmaq istəyirlər. Belə strategiya sülhün qorunub saxlanmasıyla bağlı ümidlər inandırır.

Vəli Olah Bədlun, keçmiş hərbçi: " Ümid edirəm ki, insanlar Allahın onları ancaq öldürmək üçün yaratmadığını xatırlayacaqlar"

Vəli Olah Bədlun Əfaqanıstan ordusunda xidmət zamanı: 1980-ci illər və indi