Britaniya izaholunmayan sərvəti necə müsadirə edir?


Digərləri 17 Fev 2019 20:03:00 220 0

Britaniya izaholunmayan sərvəti necə müsadirə edir?

Moldovalı milyoner-tələbə Londonu dünyanın hər yerindən olan "çirkli pullların" yuyulduğu yer olmaqdan xilas etmək kampaniyasının yeni qəhrəmanıdır.

Moldovanın həbsdə olan keçmiş baş naziri Vlad Filatın oğlu 500 min dollara Penthouse kirayə götürmək, "Bentley" avtomobili almaq və təqribən 100 min funt sterlinqi hesabına nağd yatırmaqla hüquq-mühafizə orqanlarının diqqətini çəkib.

Bu həftə o, London Şəhər Məhkəməsinin qərarı ilə 500 min funt sterlinqdən məhrum edilib. Ötən ilin may ayından indiyə kimi onun Britaniya bankında bu qədər vəsaiti olub.

Həmin vaxt Britaniya hüquq-mühafizə orqanları yeni qəbul edilən qanundan istifadə etməklə onun bank hesabını dondurmağı və 22 yaşlı Vlad Luka Filatdan bu pulların cinayət yoluyla qazanılmadığını sübut etməsini tələb etmişdilər.

"İzahedilməz Sərvət Sərəncamı" (UWO) qanunu Britaniyada iki il əvvəl qüvvəyə minib. Onun ilk "qurbanı" Azərbaycanın keçmiş bank rəhbəri Cahangir Hacıyevin xanımı olub.

Hacıyev də ata Filat kimi vətənində pul mənimsəməkdə ittiham olunaraq mühakimə edilib.

Hər iki halda hökumətin yeni qanunu hərəkətə keçib. Belə ki, əgər sərvət sahibi bu pulların qanuni yolla əldə edildiyini sübut edə bilməsə, hökumət məhkəmədə mənbəyi izaholunmayan sərvəti müsadirə etmək hüququna malikdir.

İlk baxışda, bütün bunlar özbaşınalığa və tapdalanmış təqsirsizlik prezumpsiyasına bənzəyir. Lakin "şeytan" ölkəyə gələn korrupsionerlərin və cinayətkarların həyatını çətinləşdirməyi nəzərdə tutan yeni qanunların təfərrüatında gizlənib.

Bentley Bentayga - tələbənin seçimi

Dəbdəbəli həyat

Vlad Luka Filat atası vəzifəsindən sui-istifadə etmək ittihamı ilə 9 il həbs cəzasına məhkum edildikdən dərhal sonra, 2016-cı ilin iyulunda Londona oxumağa gəlib.

Böyük Filat ona qarşı sürülən ittihamı "siyasi cəza" adlandıraraq, Moldova banklarından 1 milyard dolların oğurlanmasında iştirakını təkzib edib.

Kasıb Moldova üçün belə böyük məbləğin oğurlanması ölkədə kütləvi etiraz aksiyalarına və bir neçə hökumətin dəyişməsinə gətirib çıxarıb.

Kiçik Filat Londonun bahalı rayonlarından birində məskunlaşıb, 500 min əvvəlcədən ödəyərək Penthouse-u kirayə götürüb, 200 minə avtomobil alıb. Ekstraqavant həyat tərzi sürən kiçik Filat təmtəraq içində "üzür".

Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi (NCA) Filatın həyatını belə təsvir edərək tələbənin bank hesabının dondurulması tələbi ilə məhkəməyə müraciət edib.

Yeni qanuna görə, bunun üçün məhkəmədə şübhəli pulların qeyri-qanuni yolla əldə edildiyini sübut etmək lazımdır. Bu isə çətin olmayıb.

Birincisi oğul Filatın Böyük Britaniyada heç bir gəliri olmayıb. İkincisi onun hesabına pullar ya nəğd, ya da Kayman adalarındakı şirkətlərdən və Türkiyədən köçürülüb. Üçüncüsü onun atası pul mənimsəmə ittihamı ilə məhkum olunub.

Məhkəmə 2018-ci ilin mayında bank hesabını dondurmaq barədə qərar qəbul edib. Qanuna görə, bu proses iki il davam edəcək. Bu müddət ərzində hüquq-mühafizə orqanları sərvət sahibinə bu pulların qanuni yolla qazanıldığını sübut etməyi təklif edir.

Əgər sərvət sahibi bunu sübut etməzsə və ya edə bilməzsə, o zaman məhkəməyə təkrar müraciət müsadirə ilə nəticələnəcək.

Mərkəzi London rayon magistrat məhkəməsində dinləmələr məhz belə başa çatıb.

Bu barədə məlumat verən NCA hakim Michael Snow-un oğul Filatın hesabında dondurulmuş 466 min funt sterlinqin (600 min dollar) müsadirə edilməsi barədə qərarını açıqlayıb.