Xərçəng xəstəsinə nəyi deməməli?


Digərləri 17 Fev 2019 19:56:00 209 0

Xərçəng xəstəsinə nəyi deməməli?

Mübariz, döyüşçü, qəhrəman - bu, xərçəng xəstələrinin ünvanına deyilən sözlərin bir qismidir.

Yeni tədqiqata əsasən, xərçəng xəstələrindən bəziləri belə sözləri ruhlandırıcı yox, yersiz sayır.

Britaniyada xərçəng xəstələrinə dəstək verən Macmillan xeyriyyə təşkilatı 2000 xərçəng xəstəsi arasında sorğu keçirərək aşkar edib ki, "xərçəngə tutulmuş" və "qurban" kimi sözlər də xərçəng xəstələrinin xoşlamadıqları ifadələr arasında yer alıb.

Xeyriyyə təşkilatı qeyd edib ki, sorğunun nəticələri xərçəngin sadə təsvirlərinin necə "bölücü" ola bilməsini göstərir.

YouGov sosial araşdırmalar mərkəzi tərəfindən aparılmış digər sorğunun nəticələrinə görə, xərçəng xəstəsinin diaqnozunu "savaş" və ya "döyüş" adlandırmaq, xəstə öləndə isə onun ünvanına "döyüşü uduzdu", "savaşı uduzdu" kimi ifadələr işlətmək də xərçəng xəstələri arasında yaxşı qarşılanmır.

Xüsusilə, sosial mediada belə söz və kəlmələrin işlədilməsi daha çox ağrıverici sayılıb.

Sorğunun nəticələrinə əsasən, xərçəng xəstələri diaqnozun necə varsa elə təsvir edilməsini, diaqnoz qoyulanda və ya xəstə öləndə dəqiq söz və kəlmələrdən istifadə olunmasını daha məqbul sayırlar.

"Mən ilhamverici deyiləm"

47 yaşlı Mandy Mahoney-nin müalicə olunmayan metastatik döş vəzi xərçəngi var.

London sakini olan sosial dəstək xidməti işçisinə ilk dəfə döş xərçəngi diaqnozu 2011-ci ildə qoyulmuşdu və o zaqmanadan bəri bu xəstəlik beş dəfə qayıdıb.

"Mən düşünürəm ki, xərçəng mövzusunda söhbətlərin təsiri mənfi ola bilər - cəsur, döyüşçü, cəngavər kimi sözlər diaqnozu yenicə qoyulmuş xəstələrə olduqca böyük stress yarada bilər".

Mandy "xərçəngə qarşı döyüşü uduzmaq" kəlməsinə də etiraz edib.

"Bunu belə də başa düşmək olar ki, sanki siz mübarizə aparmamısınız və ya təslim olmusunuz", - o qeyd edib.