ABŞın xaotik Yaxın Şərq siyasəti


Digərləri 17 Fev 2019 19:35:00 196 0

ABŞın xaotik Yaxın Şərq siyasəti

Dekabr ayında ABŞ prezidenti Donald Trampın ani bir qərarla Suriya və Əfqanıstandan əsgərləri çəkəcəyini açıqlaması Vaşinqtonda zəlzələ təsiri yaradarkən, "ABŞ-ın köklü bir Yaxın Şərq siyasəti varmı" sualını da gündəmə gətirdi. "ABŞ və Yaxın Şərq" dedikdə, ağlımıza "Böyük Yaxın Şərq Layihəsi" gəlməsinə və bölgədə baş verən hər hadisəni "böyük planlar"ın bir parçası saymaq adətimizə rəğmən, əslində oğul Buşdan sonra Amerika rəhbərliyinin uzunmüddətli böyük strategiyalarının olmadığı görünür. Trampla birlikdə artıq daha aydın görünən ABŞ-ın Yaxın Şərqdəki strateji disorqanizasiyasını - bir birindən kəskin xətlərlə ayırmaq mümkün olmasa da - fərdi (prezidentin xarakteri), bürokratik və sistemin (regional və beynəlxalq) əsaslara əsaslandırmaq mümkündür. Bu yazıda bürokratik və fərdi ölçülər müzakirə olunacaq.

Son.az faktxeber.com-a istinadən bildirir ki, xarici siyasətin istiqamətini idarəetmənin başı təyin etsə belə, formalaşması və həyata keçirilməsində əsl mexanizm bürokratiyadır. İllərdir amerikalı xarici siyasət yazarlarının bir çoxu Amerika bürokratiyasının strategiya inkişaf etdirmək və praktiki olar yavaş davranmasını, səriştəsizliyini və mütəxəssis çatışmazlığını tənqid edir. Onlara görə Orta Şərqi yaxşı bilən və strateji düşünmə bacarığına malik mütəxəssislər, çoxdan hakimiyyətdən uzaqlaşdırılmış vəziyyətdədir. Bunun zirvə nöqtəsi isə Tramp rəhbərliyidir.

Trampın ilk icraatı sələfi Obama tərəfindən təyin olunmuş bütün səfirləri (bundan başqa, yüksək səviyyəli məhkəmə və bürokratiya mənsublarını) vəzifədən çıxarmaq oldu. Sonra bir çox tanınmış diplomatın yeni siyasət qarşısında bir-birinin ardınca istefası Amerikanın xarici siyasətində dərin böhran yaratdı. Tramp vəzifədə ikinci ilini başa vursa da, Xarici İşlər Nazirliyində bir çox əsas vəzifələrə hələ də təyinat olmayıb. Habelə Yaxın Şərqin heç bir qıfıl ölkəsində Amerika səfiri yoxdur. Bu əslində Trampın qərəzli bir siyasətidir. Amerika müəssisələrinin altını oymağı əsas vəzifə hesab etdiyindən və qlobal elit və institusional qaydaya müharibə açdığından, boş yerlərə kadr təyin etməyi lazımsız görür.

Əslində əsas məsələ, Trampın təyin edə biləcəyi, onunla həmfikir, etibarlı və hazır kadrının olmamasıdır. Amerikanın beyin mərkəzinin qocaman mütəxəssislərindən olan Maykl Lind Trampın seçilməsindən sonra qələmə aldığı məqaləsində, "Donald Trampın üzbəüz qaldığı ən böyük problem, Trampçılığı tətbiq edəcək yüksək səviyyəli Trampçıların yoxluğudur" (Michael Lind, "Trump Needs His Own Army of Experts", National Interest, 21.12.2016), - deyərək, yetişmiş kadr çatışmazlığına və intellektual durğunluğa işarə etmişdi. Məhz buna görə Tramp üst pillələri, özü kimi adamlar (qızı İvanka və kürəkəni Cered Kuşner kimi) və ən çox da təqaüdə çıxmış hərbi generallarla doldurdu. Bu da ABŞ-ı hərbi xuntanın idarə etdiyi, müharibə hökuməti qurulduğu müzakirələrinin yaranmasına səbəb oldu.

Trampçılıq eynilə Avropadakı radikal sağçı partiyalar kimi hər hansı bir düşüncəyə sahib olmayan, təkcə mövcud sistemə qəzəbinin və qloballaşmaya qarşı populist millətçi reaksiyanın ifadəsidir. Yəni "Amerika yenidən böyük və güclü etmək" kimi xalqın qulağına xoş gələn boş vədlər başqa öz daxilində tutarlı və üzərində baş sındırılmış hər hansı bir siyasət yoxdur. Öz daxilinə qapanmış və Obama əleyhinə bir xətt tutub.

Trampın Yaxın Şərq siyasətinə damğasını vuran xüsusiyyət, çoxyönlü olmasıdır. Bunu Ağ Evin (yəni Tramp və kürəkəni Kuşnerin) Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) fonunda, Xarici İşlər və Müdafiə nazirliklərinin isə Qətərin yanında zidd mövqelər tutduğu Qətər-Körfəz böhranında aydın gördük. İş adamı mənşəli ilk nazir Reks Tillerson dövründə XİN-in işləri azaldıldığı vaxt, Trampın (özü kimi siyasi və diplomatik təcrübəsi olmayan) xarici siyasət müşaviri Kuşner, "Əsrin Müqaviləsi" - deyə bazara çıxardığı Fələstin-İsrail "sülh" prosesi və Körfəzlə əlaqələrin istiqamətləndirilməsi kimi Yaxın Şərqin kritik məsələlərini üzərinə götürdü. Kuşner Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi ilə çox yaxın əlaqə qurdu; hətta özü kimi təcrübəsiz Səudiyyə şahzadəsinə siyasətlərini formalaşdırmaq üçün ağıl da verdi. Məsələ təkcə Tillerson-Kuşner qarşıdurması da deyildi. Çünki Tillerson Kuşnerlə yanaşı, dövrün BMT səfiri Nik Heyli və Milli Təhlükəsizlik müşaviri Mak Masterin də xarici siyasətdə onun sahəsinə daxil olduqlarını söyləmiş, "bir ölkədə 4 Xarici İşlər naziri ola bilməz", - deyə vurğulamışdı. (Jamie Merrill, "Situation vacant: Trump leaves Saudi embassy empty ahead of bin Salman visit", Middle East Eye, 28.2.2018) Dolayısı ilə qərar vermək və həyati əhəmiyyət daşıyan qurumlar arasında ələqə də yox idi. Bundan başqa, hakimiyyət daxilində ayrı-ayrı qruplar sanki müharibə vəziyyətində idi və istefalara rəğmən bu hal hələ də davam edir.

Trampın Ağ Evdəki ilk ilindən bəhs edən "Od və qəzəb: Trampın Ağ Evinin içində" kitabının müəllifi Maykl Volfun bu sətirləri vəziyyətin xülasəsini əks etdirir: "Xarici siyasətdə nə bir sistem var idi, nə də bir siyasət həyata keçirmək və ya müzakirə prosesi. Daxildə və xaricdə bir-biri ilə rəqabət aparan tərəflər, mütəxəssisləri pisləyən və öz instinktlərinin hər hansı bir peşəkar tövsiyədən daha yüksəkdə olduğuna inanan, faktlara müqavimət göstərən bir adamın diqqətini çəkmək üçün mübarizə aparırdılar". (Chris Doyle, "The Middle East could do without Trump's vision", Middle East Eye, 11.1.2017)

Fərdi səviyyəyə endikdə, qarşımıza eqoistliyi və romantik ehtiyacları ilə daxili və xarici siyasəti müəyyənləşdirən prezident çıxır: siyasətdə təcrübəsiz və məlumatsız, ucuz populizmlə tərəfdar toplayan, daxili və xarici siyasəti vaxtaşırı olaraq FoxNews-a baxaraq tvitter vasitəsi ilə istiqamətləndirən, aqibətini hesablamadan ani qərarlar verə bilən, səhvlərini heç vaxt qəbul etməyən, sərt və qəti imic formalaşdırmağa çalışan, daim tərif gözləyən, söz ehtiyatı yalnız bir neçə yüz sözlə məhdudlaşan, ona verilən gündəlik brifinqlərə qulaq asmayacaq qədər laqeyd və saymazyana, mühüm dünya liderlərilə görüşü ərəfəsində hazırlanan sənədləri oxumağa lüzum görməyən qeyri-adi və qalmaqal bir prezident.