Bakıda kütləvi maliyyə fırıldağı “Zərərçəkmişlərin sayı yüzlərlədir”


Kriminal 17 Fev 2019 11:09:31 330 0

Bakıda kütləvi maliyyə fırıldağı  “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Hər şeyim əldən gedib, ailəm və özüm ölümlə təhdid olunmuşam.

Son.az bildirir ki, "Yeni Müsavat"ın redaksiyamıza müraciət edən Bakı şəhər sakini Faiq Məmmədov maliyyə fırıldağının qurbanı olub.

Əmək fəaliyyəti dövründə Azərbaycan Mərkəzi Bankında, Azərbaycan İpoteka Fondunda, Dünya Bankının layihəsində, dövlət və özəl şirkətlərdə çalışdığını qeyd edən Faiq Məmmədov bildirir ki, ümumi tanışlar vasitəsilə ilə 2016-cı ildə tanış olduğu və özünü sahibkar kimi təqdim edən Bayramov Fuad Sabir oğlu bizneslə məşğul olduğunu bildirərək onu həmin biznesə investisiya qoymağa dəvət edib.

F.Məmmədov yazır: "Həmin şəxs özünü yüksək vəzifəli dövlət məmurunun adamı kimi təqdim etmiş, həmin vəzifəli şəxsə məxsus olan tikinti şirkətinin ("MƏK-AN" MTK) təchizatçısı olduğunu, Fəqan və Ramin (həmin şirkətin təchizat müdiri Rüstəmov Ramin Pənah oğlu) adlı şəxslərlə birlikdə təchizat işi ilə məşğul olduğunu bildirərək onların etibarını əldə edib. Fuad Bayramov vəzifəli şəxsə bağlı olan obyektlərin adlarını çəkir və bəzilərimizi həmin yerlərə apararaq icra olunan işlərlə tanış edirdi. Nəticədə 2016-cı ilin aprel ayından 2017-ci ilin sonuna qədər biz ona müxtəlif layihələr üzrə vəsaitlərimizi etibar etməyə başladıq. Aramızda olan müəyyən şəxslər vəsaitləri toplayaraq Fuad Bayramova təqdim edirdi. Sonuncu isə layihə bitdikdən sonra gəlirlə birlikdə vəsaiti geri qaytarırdı. 2017-ci ilin sonu Fuad Bayramov daha iri həcmli, qısa müddətli və gəlirli layihələr (bina tikintisi və təchizat işləri) təklif etdiyindən və daha çox vəsait lazım olduğunu bildirdiyindən, eyni zamanda uzun müddət formalaşmış etibara əsasən əlimizdə olan bütün vəsaiti ona etibar etdik. Lakin 2018-ci il fevral ayının ortalarında ödəmə vaxtı çatdıqda Fuad Bayramov əvvəlcə pulun "MƏK-AN" MTK-da qalması bəhanəsi ilə ödənişi ləngitdi. Daha sonra isə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları maya məbləğində pulu ödəyə bilməyəcəyini bildirdi. Həmin məbləğin hamısının bir dəfəyə "yoxa çıxması"nın ağlabatan olmaması və ümumiyyətlə, o qədər pulun hansı şəraitdə və səbəblərdən "yoxa çıxması" ondan soruşulsa da, o, bu suallara cavab olaraq gah şirkətdən pul gözlədiyini bildirir, sonda isə pulu "batırdığını" qeyd edərək konkret cavab vermirdi.

Beləliklə, 100-ə yaxın ailənin dələduzluq yolu ilə ümumilikdə 5.327.229 (beş milyon üç yüz iyirmi yeddi min iki yüz iyirmi doqquz) ABŞ dolları pulu ələ keçirilmiş və insanlar çox pis bir vəziyyətə salınmışlar. Nəticədə, zərərçəmişlər məsələnin həll olunmamasını görərək Daxili İşlər Nazirliyinə şikayət etmiş və şikayət əsasında Bayramov Fuad Sabir oğlu 2018-ci il mart ayının 31-də AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 178.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb, istintaqa cəlb edilib, Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib".