Əcnəbilərlə nikahlarin müsbət və


Digərləri 16 Fev 2019 23:25:00 264 0

Əcnəbilərlə nikahlarin müsbət və

Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı azalıb. Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu göstərici 2017-ci ildə 2429 olub. Bununla yanaşı, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub. Qeyd edək ki, son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər. Son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var. Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər isə əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar. Əslində, qloballaşan dünyada qarışıq nikahların olması qanunauyğunluq hesab olunur. Amma bütün hallarda, yenə də müəyyən məqamlar nəzərə alınmalıdır. Əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri, mədəniyyətləri, düşüncə tərzləri fərqli olan insanların izdivacıdır. Elə qloballaşan dünyada da  dəyərlərin, düşüncə tərzlərinin, mədəniyyətlərin toqquşmasının şahidi olur. Deməli, "kiçik dövlət" sayılan ailə də bu toqquşmalardan xali deyil. Xüsusən də bu "kiçik dövlət" fərqli mədəniyyətlərə, dəyərlərə sahib insanlar tərəfindən qurulubsa. Statistika bu kimi evliliklərin azaldığını desə də, amma bu da danılmaz faktdır ki, günümüzdə gənclərimizin, xüsusilə də gənc xanımlarımızın əksəriyyəti əcnəbilərlə nikaha can atır. Maraqlıdır, gənclərimizin bu seçiminə təsir edən amillər nələrdir, bu kimi nikahların hansı müsbət və mənfi tərəfləri var?

Son.az kaspi.az-a istinadən bildirir ki, türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı bildirir ki, ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur. Onun sözlərinə görə, qarışıq etnik nikahlarda özünü büruzə verən problemlər digər nikah növlərində müşahidə edilən problemlərdən çox da fərqli deyil: "Lakin cütlüklərin mənsub olduğu mədəniyyətlər arasındakı fərqlər müəyyən bir müddət sonra problemlərin meydana gəlməsinə səbəb olur. Xüsusilə, uşaqların tərbiyəsi, valideynlərindən hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul edəcəyi ilə bağlı məsələlər problemlərin ön cərgəsində durur. Qarışıq etnik nikahların ən böyük təhlükələrindən və risklərindən biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması ilə bağlıdır. Lakin bütün bu növ nikahların uğursuzluğa düçar olacağını düşünmək və bunu ümumiləşdirmək səhv yanaşmadır".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qeyd etdi ki, əcnəbilərlə ailə qurmaq gələcəkdə daha çox qüsurlu uşaqların dünyaya gəlməsinə təkan verə bilər: "Əcnəbi vətəndaşlarla soydaşlarımızın ailə qurması ilk növbədə millətlərin qarışmasına gətirib çıxarar. Bu isə dünyada gedən proseslərin bir tərkib hissəsidir. Sovet dönəmində bu məsələ beynəlmiləşdirilmişdi. Amma sonda bunun daha böyük faciələrə gətirdiyini gördük. Bir vaxtlar deyirdilər ki, əcnəbilərlə evlənəndə onlardan dünyaya gələn uşaqlar çox ağıllı olması ilə seçilirlər. Bu yaxınlarda isə xaricdə keçirilən tədqiqat işi ilə bəlli oldu ki, əslində, əcnəbilərlə evlənən ailədə doğulan uşağın sonrakı taleyi böyük təhlükələrlə üz-üzədir. Onlardan anadan olan uşaqların birinci nəsli ağıllı olsa da, ikinci nəsildə müxtəlif millətlərin birləşməsi fiziki və əqli məhdudiyyətli uşaqların dünyaya gəlməsinə rəvac verir. Bu tədqiqatlarla bağlı isə təəssüf ki, ölkəmizdə maarifləndirmə işləri aparılmır. İnsanlar elə bilirlər ki, əcnəbilərlə evlənməyin müsbət tərəfləri çoxdur".

Həmsöhbətimiz qeyd etdi ki, əcnəbilərlə evlənmək insanların evlilik məsələsində anlaşılmazlığından da irəli gəlir. Bunun da kökündə iqtisadi məsələlər dayanır. İctimai Birliyin sədri hesab edir ki, gənc xanımların əcnəbilərlə ailə qurmasının əsas səbəblərindən biri də onların sərbəstlik axtarmaq istəyidir: "Bir sıra gənc xanımlar düşünür ki, əgər əcnəbi kişi ilə ailə həyatı qurarsa, demək, onun sərbəstliyi olacaq və istədiyi kimi yaşayacaq. Çünki son vaxtlar Azərbaycan ailələrində ər-arvad arasındakı münasibətlər, psixi zorakılıqlar, münaqişələr və boşanma halları artıb. Həmçinin, qadınların ünsiyyət qurmasına da müəyyən qadağalar və s. qoyulur. Xüsusən gənc xanımlar fikirləşir ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək. Bu cür yanaşma həm də azərbaycanlı kişilərdə var. Azərbaycan qadınları daha çox İran və Türkiyə vətəndaşı ilə ailə həyatı qurur. Bizim mərkəzə daha çox bu ölkələrin vətəndaşları ilə ailə quran xanımlar müraciət edir. Onları narahat edən məsələlər əsasən əmlak problemi və uşağın hansı valideynlə qalmasıdır. İranda daha çox kişinin hüquqları qorunur, nəinki qadınların. Xanımlar bizə müraciət edəndə, onlarla ünsiyyət zamanı məlum olur ki, ya bu xanım aldanacaq, ya da insan alverinin qurbanına çevriləcək. Məsələn, bir xanım bir dəfə üzləşdiyi problemlə əlaqədar bizə müraciət etmişdi. O, internet vasitəsilə bir əcnəbi oğlanla tanış olmuşdu. Onlar uzun müddət internetdə yazışıblar. Qız ailəsinə türk oğlanla ailə həyatı qurmaq istədiyini bildirəndə, valideynləri buna etiraz edib. Ancaq qız valideynlərinin sözünə baxmayıb və Türkiyəyə gedib. Bir müddət sonra qız Türkiyənin ucqar bir kəndində qul kimi yaşayıb. Sonra onu xaricə satırlar. Sonda qızı polislər taparaq, Azərbaycana gəlməsinə kömək etmişdilər. Yəni bu cür nikahlar həmişə uğurlu olmur. Ona görə də, xüsusilə xanımlarımız əcnəbi kişi ilə nikaha daxil olmazdan əvvəl yüz ölçüb, bir biçməlidirlər".