Oğlanlar niyə ailə qurmaqdan


Digərləri 16 Fev 2019 22:25:00 223 0

Oğlanlar niyə ailə qurmaqdan

Oğlanların ailə qurmaqdan yayınması gündəlik həyatda rastlaşdığımız mövzulardan biridir. Hətta bu amil valideynlərin təşvişinə də səbəb olur. Evlənmək yaşı ötür deyə, oğlanı evliliyə məcbur edən qohum-əqrəbaları, valideynləri çox görmüşük. Gənclərin evlilikdən qaçmasının səbəbləri isə müxtəlifdir. Bəzən oğlanlar işi, evi, maddi durumunun yaxşı olmamasını əsas gətirərək ailə qurmağı ikinci plana salırlar.

Oxşar durum Misirdə də yaşanır. Misirli gənc oğlanlar evlilik və toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqədar olaraq evliliyi boykot edirlər. Gənclər ölkənin iqtisadi böhranı ilə əlaqədar olaraq evliliyin çox çətin olduğunu deyərək sosial şəbəkələr üzərindən "alma, evdə qalsın" adlı kampaniyaya başlayıblar. Daha sonra isə onlar bir sıra din xadimlərini, media nümayəndələrini də bu boykot aksiyasına dəvət edə biliblər. Öncə sosial media ilə başlayan aksiya getdikcə daha da geniş vüsət almağa başlayıb.

Son.az gencaile.az-a istinadən bildirir ki, Lakin bu boykot aksiyasına "yox" deyənlərin sayı daha çox üstünlük təşkil edib. Aparılan sorğuda iştirak edənlərin 44 faizi boykota "hə", 53 faizi isə "yox" deyib.

Maraqlıdır, ölkəmizdə oğlanların evlilikdən yayınmasına səbəb Misirdə olduğu kimi iqtisadi böhranlardır, yoxsa ortada başqa amillər var?

Gənc yazar Ayxan Ayvaz bildirir ki, cəmiyyətimizdə oğlanların ailə qurmamasına səbəb maddi sıxıntılar deyil:

"Əksinə, bizdə evlənmək, ailə həyatı qurmaq həmişə dəbdə olub. Bunu özünə dərd eləyən çox az sayda insan var. Maddi sıxıntıya qalsa, o zaman heç kim evlənməz. Burda bir az yeni bir həyata başlamaq qorxusu var. Bəzən kişilər bacara bilməyəcəklərindən ehtiyat edirlər.

Mən də o fikirdəyəm ki, toyla bağlı qoyulan yüklər azalsa, o zaman hamı rahat olacaq. Bəzən gərəksiz, heç kimə lazım olmayan, artıq xərcə səbəb olan adətləri sıralayırlar. Bu, problem yaradır təbii ki. Arzu edərdim ki, Azərbaycanda kişi ilə qadın evlənsin, bütün qohum-əqrəba yox. Bəzən kişi ilə qadının arasına bütün qohum-əqrəba doluşur və sanki iki tərəf deyil də, bunlar ailə həyatı qurur. Məncə, gəncləri rahat buraxmaq lazımdı, qoy özləri öz bildikləri kimi toy eləsinlər".

Azərbaycanda əksər ailələrin təməlinin möhkəm olmadığını düşünən gənc yazar Eminquey Akif bildirir ki, ən adi toy adətlərindən tutmuş, evlənəndən sonrakı proseslərə qədər heç nə düzgün deyil:

"Azdırmı dəbdəbəli toy edib sonra beş-on il o toy borcunun altından çıxa bilməyənlər? Bir də xəyanət videoları məni çox qorxudur. Ona görə ki, əvvəllər ailə qurmaq deyəndə xoşbəxt, qol-boyun yaşamaq gəlirdi gözlərimin önünə, indi elə bilirəm ki, evlənən kimi yoldaşım gedib başqasıyla yatacaq. Azərbaycanda ailə qurmaq üçün əvvəlcə qızın qohum-əqrəbasıyla evlənməlisən, sonra qızın özüylə. Ayrı vaxt kişilərdən güclü olduğunu, bərabərlik tələb edən qadınlar iş maddiyyata gələndə, el dilində desək, "ər çörəyi" deyib dad edirlər.

O gün bir xəbərlə rastlaşdım. Bir kişi özünü dəyişdirib qadın eləyibmiş. İndi çıxıb deyir ki, yenidən kişi olmaq istəyirəm. Çünki qadın kimi yaşamaq sərf eləmir. Geyimə, makiyaja pul çatdıra bilmirəm. Üstəgəl də kişilər gəlib-gedib sataşır. Təsəvvür edin, indi kişilər qadınların xərclərindən nələr çəkir. Özü də ilin-günün bu vaxtı. Subaylığın dadını çıxartmaq lazımdır".

Yazar Aqşin Evrənin sözlərinə görə, boşanmaların artmasının bir səbəbi ailə institutunun getdikcə çökməsi ilə əlaqəlidirsə, digər səbəbi də maddi sıxıntılardır:

"Maddi problemlərin gətirdiyi təlaş toya hazırlıq prosesində də müşahidə olunur. Buna kredit götürüb daha bahalı cehiz almaq və ya daha təmtəraqlı toy etmək üçün borca girməyi misal göstərmək olar. Bütün bunlar sırf göstəriş üçündür. Yəni tərəflər lap əvvəldən biri-birlərinə və ətrafa qarşı maddi baxımdan maskalanırlar. Sonradan isə hər iki tərəf reallığı görür və bir növ, xəyal qırıqlığı yaşayır. Deməyim o ki, toplumun toyu, ailəni biznes kimi görmək təfəkkürü kişilərdə xof yaradır. Amma istənilən halda Azərbaycanda evi olmayan bir insanın ailə qurması çox riskli məsələdir. Təbii, bu çətinliklərin öhdəsindən gələn ailələr də var".

Yazar Tural Turan isə düşünür ki, 20-35 yaş arası gənclərin ailə qurmaq fikrində olmaması, ümumiyyətlə istəməməsinin əsas səbəbi sosial problemlərdir:

"Evlənmək sözünün kökü evdir. Paytaxtda yaşayan və yaşı yuxarıda qeyd etdiyimiz aralıqda olan gənclərin evlənə bilməməsinin ilk səbəbi də evlərinin olmamasıdır. Çünki ev ailənin, xoşbəxtliyin birinci hüzur mənbəyidir. Kirayədə qalmaq tikan üstə yuxulamaq, ömrü boşa vermək kimidir. Bu gün ali təhsilli nə qədər gəncimiz var ki, evsizlik üzündən ailə həyatı qura bilmir. İş buradadır. Karyerasının arxasınca paytaxta gəlib. Amma evi olmadığı üçün evlənməklə bağlı arzularının üstündən xətt çəkməyə məcbur olub. Paytaxtdakı evlərin qiymətindən xəbəriniz var.

Qiymətlər elə bil ki, adamın ürəyindən nişan alır. Ev dəllallığı ilə məşğul olan "kələntərlər" isə gənclərin ayağından vurmaqda davam edir. Yəni onları kirayələrə sürükləyir.