Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara


Digərləri 16 Fev 2019 21:12:00 246 0

Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara

2019-cu il fevralın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifovun bir qədər əvvəl baş vermiş və geniş əks-səda doğurmuş insidentlərlə əlaqədar olaraq Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşü olub.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, münaqişənin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Polad Bülbüloğlu Azərbaycan və çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq münasibətləri, çoxmillətli Moskva məkanında belə insidentlərin yolverilməzliyi, onların böyüyərək idarə oluna bilməyən həddə çatmasının qarşısının alınması üçün təxirəsalınmaz addımlar tələb olunduğu barədə Rusiya DİN-in Baş İdarə rəisini məlumatlandırıb. General-leytenant Oleq Baranov bildirib ki, hər iki insidentə dair operativ iş aparılır, o cümlədən Moskvada "Neolit" kafesinə hücum faktı üzrə yaxın saatlarda ittihamlar irəli sürüləcək, habelə taksi sürücüsünün qətli ilə əlaqədar intensiv araşdırma aparılır, cinayətkarların şəxsiyyəti müəyyən ediləcək.

Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Oleq Baranov Polad Bülbüloğlunu əmin edib ki, vəziyyət tam nəzarətə götürülüb və bütün zəruri tədbirlər görüləcək.

Görüşdə bildirilib ki, internetdə 4-6 nəfərin həlak olması barədə informasiya yayılır. Bu informasiya həqiqətə uyğun deyil. Sosial şəbəkələrdə yayılan və yalnız bir məqsəd - düşmənçilik və ədavət mühitinin yaradılması məqsədini güdən belə provokasiyaların təsiri altına düşməmək xahişi təkidlə səslənib.