Hamiləlik: günlər, həftələr, aylar...


Digərləri 16 Fev 2019 20:45:00 232 0

Hamiləlik: günlər, həftələr, aylar...

Hamiləlik - bu dövrdə qadının, onun yaxınlarının bilməsi vacib olan bir çox nüans var.

Bu yazıda körpənin formalaşdığı ilk gündən, doğulacağı ana qədər hər kəsin bilməsi vacib olan məqamlara toxunulub.

Hamiləliyin birinci ayı (1-4 həftə)

Tibbi baxımdan hamiləlik son aybaşının ilk günündən hesablanır. Bu ayda bədəndə hamiləliliyə hazırlıqlar gedir.

Aybaşı görməyə paralel olaraq yumurtalıqların birində artıq yeni folikul seçilir və böyüməyə başlayır. Müəyyən ölçüyə çatdıqdan sonra (təxminən aybaşının 14-cü günündə) ovulyasiya baş verir və folikulun içərisindəki yumurta hüceyrə qarın boşluğuna atılır, uşaqlıq borusunun ucları ilə tutulur və uşaqlıq borusuna daxil edilir. Burada onu gözləyən çoxsaylı spermalardan biri ilə mayalanma baş verir. Mayalanmış yumurta bir neçə gün ərzində bölünərək uşaqlıq boşluğuna düşür və uşaqlıq divarına yapışır.

Hamiləliyin ikinci ayı (5-8 həftə)

Bu ayda uşaqlıq boşluğuna yerləşmiş və döllənmiş tək hüceyrədən ibarət olan zigotdan embrion formalaşmağa başlayır. Mayalanmadan 21-22 gün sonra artıq ürək döyüntüləri əmələ gəlir. Sıra ilə sinir borusu, ağciyərlər, bağırsaqlar, sidik kisəsi və digər orqanlar əmələ gəlir. Bu ayın əvvəlində ölçüsü 1.5 mm olan embrion sonda artıq 12.5 mm uzunluğunda olur. Qadın bu ayda özünü xarici zərərli təsirlərdən (infeksiyalar, dərmanlar, şüalanma və s) maksimum qorumalıdır.

Artıq aybaşı gecikməsi baş verib. Bulantı, qusma, mədə yanğısı, tez-tez sidiyə getmə, yuxusuzluq, halsızlıq, köp, qarında ağrılar, süd vəzilərində böyümə və həssaslıq əsas şikayətlərdir.  Məhz bu ayda ilk dəfə həkimə müraciət edib körpənin ürək döyüntülərini eşitmək olar. Bundan sonra həkim lazımi analizləri təyin edəcək.

Hamiləliyin üçüncü ayı (9-12 həftə)

Bu ayda körpənin bədəni tam formalaşmağa başlayır. Əl-ayaq barmaqları əmələ gəlir.  Əvvəl daxili, sonra isə xarici cinsiyyət orqanları formalaşır. Artıq ananın hələ hiss etmədiyi kiçik hərəkətlər başlayır. Üçüncü ayda körpənin boyu 5-8 sm, çəkisi isə 50-70 qram olur.

Əvvəlki aylarda əmələ gəlmiş şikayətlər bu ayın sonuna qədər tədricən azalır. 12-ci həftənin sonunda uşaqlıq böyüyərək kiçik çanaqdan qarın boşluğuna çıxır.

12-ci həftədə həkim müayinəsi və ilk trimestr testləri vacib hesab edilir.  

Hamiləliyin dördüncü ayı (13-16 həftə)

Artıq bu ayda körpənin bütün orqanları formalaşır. Barmağını əmməyə başlayır.  Hərəkətləri artır və başı artıq çənəsinə doğru sıxılmış vəziyyətini dəyişir. Saçları uzanmağa başlayır və bütün bədənini örtən incə tükcüklər də bu ayda yaranmağa başlayır. Bu ayda USM ilə körpənin  cinsiyyətini təyin etmək olar. Dördüncü  ayda körpənin boyu 11 sm, çəkisi isə 100-200 qram olur.

Uşaqlıq artıq qarın boşluğuna doğru böyüyür  və qarnın aşağı hissəsində yumru şəklində ələ gəlir. Bu ayda əsas şikayət qasıqlarda ağrılardan olur ki, bu da uşaqlıq bağlarının gərilməsinə bağlı olub, normal hesab edilir. Süd vəziləri də böyüyür, üzərində damarlar daha aydın nəzərə çarpır və döş gilələrinin rəngi tündləşir. Bu aydan etibarən hamilələr üçün olan xüsusi paltarlara ehtiyac duyulur. Üçlü-dördlü test analizləri bu həftədə edilir.

Hamiləliyin beşinci ayı (17-20 həftə)

Bu ayda xüsusi ilə təkrar hamiləliklərdə körpənin hərəkətlərini hiss edilməyə  başlanır. Dərialtı piy təbəqəsi əmələ gəlir. Artıq bu ayda eşitmə siniri və daxili qulaq da tam formalaşır ki, bu da körpənin ananın səsini eşitməsi mənasına gəlir. Bu aydan etibarən böyrəklərin inkişafı tamamlanır, artıq körpə sidiyini edir, eyni zamanda udqunma aktı da formalaşır. Beşinci ayda körpənin boyu 22-24 sm, çəkisi isə 300 qram olur.