Bədənmizdəki tüklər nəyə yarayır?


Digərləri 16 Fev 2019 19:50:00 248 0

Bədənmizdəki tüklər nəyə yarayır?

Yəqin hər kəs ömründə bir dəfə də olsa, özünə bu sualı verib - bədəndəki tüklər nəyə lazımdır axı?

Dəri insanın bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dodaq mukozası, ovuc içi və ayaq altından başqa bütün dəri tüklərlə örtülüdür. Bəlkə də inanmayacaqsınız, amma bədənimizdə beş milyon tük kökü - folikulu var. Bunun təqribən 100 mini baş dərisindədir. Başımızdan sonra tüklərin çox olduğu ikinci yer burnumuzdur.

Tükləri artıran kişilik hormonları qadınlarda yumurtalıqlarda, ya da böyrəküstü vəzidə yaranır. Cinsi yetkinlik dövründən öncə tüklər açıq-sarı rəngli və nazik olur. Bunlara vellus tüklər deyilir. Cinsi yetkinlik dövrünün sonunda hormonlar nazik tükləri qalınlaşdırır ki, bunlara terminal tüklər deyilir. Məsələn, qoltuqaltı, genital nahiyədə çıxan tüklər buna misaldır. Qadınlarda doğuşdan sonra çox az miqdarda tük folikulu yaranır, 40 yaşından sonra isə sayı azalmağa başlayır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bəs tüklərin bədənimizdə hansı funksiyası var? Tüklər insan bədənində istilik balansını qoruyur, bədənin çox isti və ya çox soyuq olmasının qarşısını alır. Hava soyuq olanda, bədən üşüdükdə tüklər dikələrək, vücudu gərginləşdirir, beləcə enerji istehsal edərək, istilik yaradır. Bu vəziyyətə el arasında "tüklərim biz-biz oldu" deyilir.

Tüklərin ikinci funksiyası bədənin su balansını qorumaqdır.

İnsanların burun və qulaqlarında da tüklər var. Bu tüklər bədənə daxil olan xarici və zərərli maddələrin qarşısını alır. Eləcə də kirpiklər gözə estetik gözəllik və ifadə verməklə yanaşı, onu tozdan, yad maddələrdən qoruyur. Kirpiklər qopduqda və ya kəsildikdə yenidən uzanır. Kirpik əvvəlki ölçüsünə çatdıqda uzanma dayanır. Uzanma prosesi 2-3 ay çəkir.