İslam İnqilabından sonra İranda 6 dəyişiklik


Digərləri 16 Fev 2019 19:29:00 205 0

İslam İnqilabından sonra İranda 6 dəyişiklik

20-ci əsrin dönüş nöqtələrindən biri sayılan 1979-cu il fevralın 11-də İranda İslam İnqilabı nəticəsində hökmranlıq edən şah devrildi. O vaxtdan bəri ölkə necə dəyişib?

1. Əhalinin say artımı

Parisdə mühacirətdə yaşayan Ayətullah Ruhullah Xomeyni 1979-cu ilin inqilabına başçılıq etmək üçün Tehrana gəldiyi zaman İran əhalisinin sayı 36 milyon idi.

O vaxtdan bəri əhalinin sayı 2 dəfədən də çox artaraq 81 milyona çatıb.

İslam İnqilabından sonra Ayətullah Xomeyninin dünyaya yeni şiə nəsli gətirmək çağırışının ardınca ölkədə "uşaq bumu" başladı.

1980-ci illərin sonunda, İraqla müharibə (1980-1988) hökumət resurslarını tükəndirdiyindən, demoqrafik siyasəti dəyişdi, əhalinin artımının qarşısını almaq ailə planlaşdırılması proqramı tətbiq olunmağa başlandı.

Lakin əhalinin getdikcə yaşlanmasını nəzərə alan hökumət 2010-ci ildə çoxuşaqlı ailə siyasətinə qayıtdı, ailə planlaşdırılması proqramına son qoyuldu.

Əhalinin artımı ölkənin əsas şəhərlərində müşahidə edilir.

1980-ci illərdə əhalisi 1 milyondan çox olan cəmi 2 şəhər var idi. İndi isə belə şəhərlərin sayı 7-dir.

1970-ci illərdə əhalisi 5 milyon olmuş Tehranda 1980-ci illərdə, İran-İraq müharibəsindən sonra əhalinin sayı 7,5 milyona çatıb.

Hazırda isə Tehranın 12 milyon sakini var.

2. İqtisadiyyatın həcmi azalıb

İranda əhalinin say artımı, müharibənin fəsadları və beynəlxalq sanksiyalar ölkənin iqtisadi potensialına təsir göstərib.

Quraq iqlimi olan İran əsasən, neft sənayesinə bel bağlayır və ölkənin iqtisadi durumu neft ixracından asılıdır.

Son 40 il ərzində ölkədə yaşayış səviyyəsi pisləşib.

1976-cı ildə ÜDM adambaşına $10,200 olubsa, 2017-də həmin göstərici $6,900 təşkil edib.

Təxminən eyni əhalisi olan Türkiyədə isə həmin dövr ərzində adambaşına ÜDM göstəricisi az qala, üçqat artıb.

İran-İraq müharibəsi zamanı İranın neft sənayesinə dəymiş zərərin ölkə iqtisadiyyatına təsiri ağır olub.

Bu gün ölkə, əsasən, neft və neft məhsulları, əsasən də ərzaq ixrac edir.

Maaşlarla müqayisədə əsas malların bahalaşması müşahidə edilib.

1978-ci ildə minimum əməkhaqqına 74 kiloqram qırmızı ət almaq olardısa, hazırda minimum əməkhaqqına yalnız 10 kiloqram qırmızı ət almaq mümkündür.

Ölkənin ən böyük problemi bu gün işsizlikdir.

Dünya Bankının məlumatına əsasən, 2018-ci ildə gənclər arasında işsizlik 30 faiz təşkil edib.