Türkiyə "S400"ləri "Patriot"larla dəyişməkdən imtina etdi


Dünya 16 Fev 2019 18:19:00 224 0

Türkiyə "S400"ləri "Patriot"larla dəyişməkdən imtina etdi

Türkiyə ABŞ-ın etirazlarına baxmayaraq Rusiyaya məxsus "S-400" zenit-raket komplekslərinin almaqdan imtina etməyəcək. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Rusiya ilə S-400 üzrə müqavilə bağlamışıq. Ona görə də geri addım atmaqdan söhbət belə gedə bilməz. Biz söz verdiyimiz kimi "S-400"-ləri iyul ayında yerləşdirmək üzərində işləyirik" - deyə Ərdoğan vurğulayıb.

Türkiyə prezidenti vurğulayıb ki, ölkəsi "Patriot" sistemlərini də almağa hazırdır: "Türkiyə bunu öz maraqlarına cavab verəcək şərtlər çərçivəsində edəcək. Birgə istehsal, kreditin təqdim edilməsi və tez bir zamanda sistemlərin çatdırılması bizim üçün olduqca önəmlidir. Düzdür onlar tez bir zamanda sistemləri təqdim etməyə hazırdırlar, lakin onlar kredit və ümumi istehsala dair söz vermirlər".

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində olan "Patriot" sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da razılıq verib. Ancaq Türkiyəyə təqdim olunan son təklifdə bir dəyişiklik olmayıb. ABŞ-ın son təklifində S-400-dən imtina ilə bağlı ilkin şərt yer almasa da, bu problem hələ də həll edilməyib.