Alimlər ömrün uzunluğuna təsir göstərən genetik amilləri aşkar ediblər


Digərləri 15 Fev 2019 22:25:00 225 0

Alimlər ömrün uzunluğuna təsir göstərən genetik amilləri aşkar ediblər

Novosibirsk Dövlət Universitetinin alimləri Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutundan, Edinburq Universitetindən və bir neçə başqa institutdan olan tədqiqatçılarla əməkdaşlıq şəraitində yaşı 37-dən 73-ə qədər olan 300 mindən çox insanın genetik göstəriciləri və xəstəlik tarixləri barədə Böyük Britaniya Bioloji Bankında (UK Biobank) saxlanılan məlumatları tədqiq ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın rəhbəri, Novosibirsk Dövlət Universitetinin nəzəri və tətbiqi funksional genomika laboratoriyasının müdiri Yuri Aulçenko deyib: "Biz aşkar etmişik ki, insan həyatının sağlam dövrünün uzunluğu genetika baxımından 3 komponent ilə müəyyən edilir: demensiya, bədxasəlli şişlər, yəni xərçəng xəstəlikləri, habelə ürək-damar sisteminin və metabolizmin sağlamlığa təsiri".

Y.Aulçenko izah edib ki, vəfat etmiş insanların kliniki və genetik məlumatlarından istifadə etmək imkanları məhdud olduğuna görə, ömrün uzunluğuna təsir göstərən genetik amilləri tədqiq etmək çətinləşir. Onun sözlərinə görə, bu halda insan həyatının sağlam dövrünün uzunluğunu öyrənmək çox ümidverici alternativ üsuldur. Bu halda alimlər geniş əhatəli klinik informasiya və genetik məlumatı tədqiq etmək imkanı qazanır.