Psixoloqlar: qlobal istiləşmə görünməmiş zorakılığa səbəb olacaq


Digərləri 15 Fev 2019 22:16:00 237 0

Psixoloqlar: qlobal istiləşmə görünməmiş zorakılığa səbəb olacaq

Amerikalı psixoloqlar qlobal istiləşmə prosesinin zorakılıq hallarının artmasına dolayı təsirini araşdırıblar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onların tədqiqatlarının nəticələri heç də ürəkaçan deyil.

Ayova ştatının universitetinin professoru Kreyq Andersonun qənaətinə görə, temperaturun artması insanlarda əsəbilik və düşmənçilik hisslərinin güclənməsinə gətirib çıxaracaq ki, bu da zorakılığın artmasına səbəb olacaq. Bu amillərin arasında elə də bariz əlaqə görünməsə də, iqlim dəyişiklikləri səbəbindən baş verən təbii fəlakətlər, məhsuldarlığın azalması və iqtisadi sabitliyin pozulması bu cür hallara şərait yaradacaq.

Tufan, meşə yanğınları kimi təbii fəlakətlər öz-özlüyündə zorakılığın səviyyəsini artırmır, lakin iqtisadi problemlər, məcburi miqrasiya və çatışmayan ehtiyatlar uğrunda mübarizə cəmiyyətləri daha amansız edir. Əsas problem isə qlobal istiləşmənin uzun müddət davam edəcəyidir. Belə olan halda bütöv nəsillər yoxsulluq, ailələrin dağılması, sağlam qidanın çatışmazlığı və yaşlıların zor tətbiq etmək istəməsi şəraitində yaşayacaqlar. Təbii fəlakətlər, quraqlıq və aclıq artdıqca, onların sosial həyata təsiri daha ciddi olacaq.

Bir çox təbii fəlakətlər uzun illər davam edəcək, yaxud uzunmüddətli təsir göstərəcək ki, bu da böyük insan qruplarının öz vətənlərini tərk etməsinə səbəb olacaq. Həmin ekologiya miqrantları isə resurslara sahib olmaqdan ötrü yerli əhali ilə münaqişə apara bilər. Siyasi iğtişaşlar, talan və müharibələr riski də məhz buradan qaynaqlanır.