Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə


Digərləri 15 Fev 2019 20:29:00 280 0

Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə

Bu il Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" Qanun qəbul olunacaq. Bununla da ultrasəs müayinə zamanı (USM) uşağın cinsinin açıqlanması qadağan olunacaq. Bu qanunun işlənmə mexanizmi, ona nəzarətin necə həyata keçirilməsi isə, sual doğurur.

Son.az bildirir ki, bu haqda Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev, Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı və baş ginekoloq Sevinc Məmmədova Sputnik Azərbaycan-a danışıb.

M.Quliyev bildirib ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə uyğun dəyişikliklər olacaq: "Yalnız bundan sonra cərimələr nəzərdə tutulacaq. Prezidentin sərəncamından sonra "Reproduktiv sağlamlıq haqqında" Qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minməsi gözlənilir. Daha sonra isə bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıq veriləcək. Nazirlik tərəfindən qanunun işlənmə mexanizmi hazırlanacaq".

"Məsuliyyətə gəldikdə isə, qeyd edə bilərəm ki, bu qanunda yalnız "inzibati məsuliyyət və cinayət məsuliyyəti nəzərdə tutulur" bəndləri yazıla bilər. Məsuliyyətin nədən ibarət olmasını isə İnzibati Xətalar Məcəlləsi, yaxud da Cinayət Məcəlləsi müəyyənləşdirəcək" - deyə M.Quliyev əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Hande Harmançı isə fərqli təklif irəli sürüb: "Düşünürəm ki, ultrasəs müayinə ilə uşağın cinsiyyətini öyrənməyə deyil, selektiv abortlara qadağa qoyulması daha vacibdir. Ümumdünya Səhiyyə Təşkilatına görə, uşaqların cinsinin deyilməsi yolveriləndir. Lakin cinsin müəyyənləşməsindən sonra hamiləliyin sonlandırılması qəbuledilməzdir".

"Ümid edirəm ki, zamanla Azərbaycanda da selektiv abortların sayı azalacaq. Düzdür, hələ ki, nəzərdə tutulan qanun qüvvəyə minməyib. Bunadək Ümumdünya Səhiyyə Təşkilatı olaraq biz də öz növbəmizdə Azərbaycan hökumətinə təkliflərimizi verəcəyik" - deyə H.Harmançı əlavə edib.