Sahil Babayev Neftçalada sakinlərlə görüşüb (FOTO)


Digərləri 15 Fev 2019 19:14:00 202 0

Sahil Babayev Neftçalada sakinlərlə görüşüb (FOTO)

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ildə imzaladığı yeni fərman və sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əmək haqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. O, həmin sənədlərdən irəli gələn tapşırıqların icrası sahəsində görülən işlər, sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin şəffaflaşdırılması üçün aparılan islahatlar barədə məlumat verib.