Onlayn sınaq imtahanlarına qeydiyyat başlayıb


Digərləri 15 Fev 2019 18:07:00 221 0

Onlayn sınaq imtahanlarına qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirəcək. 

DİM-in Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq.

İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Artıq qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat başlayıb. İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.