600 manat maaş alan direktor 9 milyonluq kreditə qol çəkib


Digərləri 15 Fev 2019 16:41:00 297 0

600 manat maaş alan direktor 9 milyonluq kreditə qol çəkib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən D.Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb.

D.Xəlilov suallara cavab verərkən bildirib ki, yaratdığı MMC-lərin maliyyə təsərüfatı ilə bağlı audit yoxlamaları aparılıb, heç bir qanun pozuntuları aşkarlanmayıb.

O qeyd edib ki, "City Delorat" şirkəti Bakıda tikilən yaşayış binasının elektrik enerjisi ilə təmin olunması üçün layihələr həyata keçirib: "Həmin ərazi tamamiliə boşaldılıb, sakinlər oradan köçürülüb. Yaşayış binası tikiləndən sonra isə transformatorla təmin edilib".

Prokuror qeyd edib ki, "City Delorat" şirkətinə Beynəlxalq Bankdan 59 milyon manat kredit ayrılıb.

D.Xəlilov isə söyləyib ki, həmin pullardan 39 milyon manatı elektrik enerjisi ilə bağlı layihəyə, digər 10 milyon manat isə digər layihələrə xərclənilib.

Daha sonra digər təqsirləndirilən S.Hacıyev dindirilib. O bildirib ki, D.Xəlilovla tanış olub, sonra onun "General Consalting" şirkətində İT mütəxəssisi kimi çalışıb: "Dünyamin Xəlilov deputat seçiləndən sonra işdə hüquqşünas mənə bir sənəd gətirib qol çəkdirdi. Mən də harasa tələsirdim deyə sənədə imza atdım. Sonra Dünyamin müəllim bizi otağına dəvət edib, məni "Sigma line" şirkətinə direktoru təyin etdiyini söylədi. Düzdü, mən də sevindim. Bir qədər keçəndən sonra dəhlizdə olan zaman mühasibatçı sənəd gətirdi. Dedi ki, Dünyamin Xəlilov ona qol çəkməyimi istəyir. Mən də sənədə baxmamış qol çəkdim. Sonra sənədlərlə maraqlandım. Bildirdilər ki, Gürcüstanda çoxmərtəbəli binanın tikilişi üçün bankdam kredit götürülməlidir".

O söyləyib ki, 2008-ci ildə Tədris Mərkəzindən ona iş təklifi gəlib, şirkətdən ayrılmaq üçün D.Xəlilova müraciət edib: "Mən şirkətdə 600 manat maaş alırdım. Dünyamin müəllim mənə işdən çıxmağa icazə vermədi, şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi dedi. Mən də gedib, qol çəkib, pulları ona verdim".

Sualları cavablandıran S.Hacıyev qeyd edib ki, 2000-2005-ci illərdə Ağır Cinayətlərə dair Məhkəmədə məhkəmə nəzarətçisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, hazırda adı şirkət direktoru vəzifəsində qalıb: "Bilmirəm işdən ayrılmaq üçün kimə müraciət edim".