Tələbə və magistrlərin təqaüdləri niyə artırildı?


Digərləri 15 Fev 2019 07:48:00 243 0

Tələbə və magistrlərin təqaüdləri niyə artırildı?

"Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında Azərbaycan Prezidentinin imzaladığı sərəncam Azərbaycan gəncliyinə qayğının növbəti təzahüri kimi qiymətləndirilməlidir".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Millət vəkili qeyd edib ki, doğrudur, bu, ilk növbədə tələbələrin və elmlə məşğul olmaq istəyən gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi başa düşülür və əlbəttə, kifayət qədər düzgün məntiqə əsaslanır. Ancaq məsələnin mahiyyəti şübhəsiz ki, yalnız bununla məhdudlaşmır: "Hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəyin inkişaf etmiş və dünyada söz sahibi olan xalqları da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir".