Ən böyük hədiyyələri qızları olan cütlük FOTO


Digərləri 15 Fev 2019 07:00:00 300 0

Ən böyük hədiyyələri qızları olan cütlük  FOTO

Kənan Məstəliyev: "Əgər bir xanım məni seçirsə, mən ona layiq olmağa çalışmalıyam, o mənə yox" 

Aynur Məstəliyeva: "Zamanla anladım ki, bu adama mənəvi baxımdan söykənmək, onunla yola çıxmaq olar"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyirlər ki, hədiyyə almaq insanın içindən gəlməlidir. İçində istək varsa, özəl gün olmasa belə, sevdiyin şəxs səni düşünüb hədiyyə alacaq. Əsas olan, hədiyyənin maddi yox, mənəvi dəyəridir. Həmsöhbətlərimiz Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev və həyat yoldaşı Aynur Məslətəliyevadır. İlk olaraq onlar haqqında qısa məlumat verək. Aynur xanım Sumqayıt Dövlət Universitetini sosiologiya ixtisası üzrə bitirib. Kənan bəy isə maliyyə sahəsində ixtisaslaşsa da, biz onu idman jurnalisti kimi tanıyırıq. Futbola olan sevgisi onu bu sahəyə yönəldib. Artıq 15 ildir ki, jurnalist kimi çalışır. Sevgililər günü ilə bağlı bir ailə ilə həmsöhbət olmaq istəyirdik, düşündük ki, ən yaxşı müsahib elə həmkarımızın özüdür. Ona görə də Kənan bəyi ailəsi ilə birlikdə redaksiyamızda qonaq edib sevgidən, ailə dəyərlərindən, ailənin qurulmasından danışdıq.  Kənanı bir az incidəndə sonra qərara gəldim ki...   Söhbətə elə ən başdan, tanışlıq dönəmindən başladıq. Cütlüyümüz qohum olsalar da, ilk görüşlərinə qədər bir-birlərini görməyiblər. Onları ailələri tanış edib. Aynur xanım deyir ki, bir dəfə bayramlaşmaq adı ilə Kənangilin ailəsi onlara qonaq gəlib və onu ilk dəfə onda görüb: "Bir dəfə bayram günü Kənan ailəsi ilə bizə gəldi. Əslində, bu qonaqlıq məqsədli idi. Mənim bundan xəbərim olmasa da, Kənan bilirdi. Beləcə, ilk tanışlığımız baş tutdu. Elə odur-budur, 11 ildir ki, evliyik. Qohum olsaq da, evliliyimiz məcburi deyil. Bir müddət tanıdıqdan, Kənanı bir az incitdikdən sonra qərara gəldim ki, hə, onunla evlənmək olar (gülür)".   Təklif etdilər, dedim "okey", gedək görüşək    "Ailələrimiz tanışlığımıza vasitəçi olsalar da, qərarlarımıza və seçimlərimizə müdaxilə etmədilər" deyən Kənan bəy qeyd edir ki, ailəsi həmin günə qədər ona evlənməsi üçün çoxlu namizəd göstərsə də, Aynur xanımı bəyənib: "Bu, bütün valideynlərdə müşahidə olunan xüsusiyyətdir. Oğlan uşaqlarına qohumda, qonşuda olan qızları işarə verirlər. Ailəm də mənə çox qız göstərirdi, amma seçimimə qarışmırdılar. Aynuru da həmçinin, təklif etdilər və dedim "okey", gedək görüşək. "İlk baxışdan bir birimizi sevdik" deməzdim, amma zamanla anladım ki, Aynur mənim axtardığım xanımdır. Yəni evliliyimiz valideynlər dedi deyə yox, həqiqətən istəklə oldu. Evlilik dırnaq arası yanaşılacaq bir addım deyil, o da fərddir, mən də. İkimiz də seçimimizi könüllü şəkildə etdik. Ailə kiminsə təkidi və ya istəyi ilə qurulmamalıdır".   Həyat yoldaşımdan çox dostum kimidir    Maraqlıdır, növbəti mərhələdə münasibətlər necə irəliləyib. Aynur xanım bildirir ki, Kənan bəyin qarşısındakı insana hörmət etməsi, güvəniləcək biri olması onun çox xoşuna gəlib: "Mən rahatlığı, sərbəstliyi çox sevən biriyəm. "Haradan gəldin, hara getdin, niyə bunu geyindin" tipli suallar verən insanları xoşlamıram. Kənanda bu xüsusiyyəti görmədim, o qarşısındakına hörmət etməyi bacarır. Ən əsası, Kənanla dost ola bilirəm. İndi də həyat yoldaşımdan çox, dostum kimidir. Nə problemim olsa, çəkinmədən onunla bölüşürəm. Çünki bilirəm ki, mənə dayaq olacaq, yol göstərəcək. Zamanla anladım ki, bu adama mənəvi baxımdan söykənmək, onunla yola çıxmaq olar".  Düşündüm ki, bu qadını damla-damla olsa da qazanmalıyam    Həyat yoldaşının onun haqqında dediklərinə maraqla qulaq asan Kənan bəy gülə-gülə "Sən, məni əməlli başlı təriflədin" deyib söhbətə daxil olur: "Aynurun dedikləri tərif olsa da, həqiqətdir. Mən elə mühitdə, elə dünyagörüşündə böyümüşəm ki, qadınlarla bağlı düşüncələrim fərqlidir. Məncə, qadına qadın olmağa imkan vermək lazımdır. Çünki onu yönəltməklə, buxova salmaqla nə isə əldə etmək olmaz. Mən həmişə o fikirdə olmuşam ki, əgər, bir xanım məni seçirsə, mən ona layiq olmağa çalışmalıyam, o mənə yox. Bəlkə də başqaları əksini düşünür, amma mənim düşüncəm belədir. "Evləndik, uşaq oldu, xanım otursun uşağa baxsın"la iş bitmir. Yəni evlilik bu düşüncə ilə qurulmamalıdır. Dilimizdəki "həyat yoldaşı" ifadəsini çox sevirəm. Dünya ölkələrində bu, fərqli cür adlandırılır, amma, bizdə bu söz böyük məna daşıyır. Mən də Aynuru həqiqətən özümə həyat yoldaşı gördüyüm üçün bu gün birlikdəyik. Ona görə də, nə qədər naz eləsə də, ondan əl çəkmədim. Düşündüm ki, bu qadını damla-damla olsa da qazanmalıyam". İlk dəfədən "hə" demədim    Aynur xanım deyir ki, tanışlıqlarının ilk dönəmində nə müsbət, nə də mənfi cavab verməyib: "Kənan oxuduğum universitetə gəlib gedirdi, amma mən nə istədiyimi, nə də istəmədiyimi deyirdim. Çünki hələ qərar verməmişdim. Həmin dövr üçün hislərim yox idi, amma bilmirdim ki, zamanla nə baş verəcək. Ona görə, konkret bir cavab verməmişdim. Amma gördüm ki, Kənan fikrindən daşınmır, istədiyini əldə etmək üçün mübarizə aparır. Yavaş-yavaş hiss elədim ki, mənim də duyğularımda dəyişikliklər var. Lakin ilk dəfədən "hə" demədim (gülür)".    "İnsan özünə həyat yoldaşı seçirsə, bu, ani istəklə olmamalıdır" deyən Kənan bəy qeyd edir ki, tərəflər bir birinə dayaq durmağı bacarmalıdır: "Həyatda çox qərarlar vermişəm, bunlardan bəziləri düzgün, bəziləri yanlış ola bilər. Amma ən doğru qərarım Aynurdan vaz keçməməyim olub. Bu gün onun yanımda olmağı məni xoşbəxt edir".

Həmin an üzüyü ən yüksək zirvədən aşağı atmaq istədim   Aynur xanım "ilk dəfədən "hə" demədim" cümləsini işlətdi. Görünən odur ki, evlənmə təkliflərinin maraqlı tarixçəsi var. Məsələni ilk olaraq Kənan bəydən dinləyirik: "Nişanlandığımızın neçənci ayı idi, dəqiq yadımda deyil. Qərara gəldim ki, evlilik təklif edim. Yaxşı bir üzük aldım və Aynuru da Sumqayıtda böyük fırlanan çarx vardı, ora görüşə çağırdım. Planlamışdım ki, çarx fırlanıb ən yüksək zirvəsinə çatanda cibimdən üzüyü çıxardıb evlilik təklifi edəcəyəm. Bura qədər hər şey planladığım kimi getdi. Yəni məndən asılı olan işlər yaxşı oldu. Amma iş Aynurun cavabına gələndə orada planlamadığım situasiya ilə qarşılaşdım. Təklifi etdim və Aynurun cavabını gözləyirəm. Təbii ki, nişanlı olduğumuz üçün "hə" deyəcəyini düşünürdüm, açığı, ağlıma başqa variant da gəlmirdi. Amma deyir, sən saydığını say, gör fələk nə sayır. Gözləmədiyim bir şəkildə Aynur "yox" dedi (gülürük). İnanın, elə həmin an üzüyü ən yüksək zirvədən aşağı atmaq istədim".   "Yoxu" bir az sərt demişəm   "Aha, bəs sonra nə oldu" deyə Kənan bəydən soruşanda "qalanını özü danışsın, həmin an o qədər əsəbiləşdim ki, beynim "tormozlandı" hadisənin sonrası yadıma gəlmir" deyib, sözü xanıma ötürdü. Aynur xanım da gülə-gülə "hə, Kənanın o andakı üz ifadəsi heç gözümün qarşısından getmir" deyərək söhbəti davam etdirir: "Həqiqətən çox qəşəng üzük almışdı, hətta, içinə adlarımızı da yazdırmışdı. Düzdür, nişanlı idik, evlilik yolunda irəliləyirdik, amma yenə də belə bir qərar üçün tez olduğunu düşünürdüm. Hadisələrin ani baş verməsini istəmirdim. Açığı, hərdən düşünürəm ki, "yoxu" bir az sərt demişəm, gərək daha uyğun bir dillə situasiyanı izah edərdim (gülür). Yəni "yox" deməyin də bir tərzi var. Həmişə olduğu kimi, o gün də Kənan yenə məni ötürdü və getdi. Amma Kənan vaz keçmədi və bir neçə aydan sonra yenidən evlilik təklif etdi".

Qadını qazanmaq elə də asan deyil

Maraqlıdır, Kənan bəy 2-ci dəfə necə cəsarət edib bu təklifi etdi: "Haqlısınız, bir dəfə "yox" alan birinin 2-ci təklifi bir az risklidir. Çünki 2-ci dəfə də cavab mənfi ola bilərdi. Amma ilk sınağımdan çıxmışdım. Mən özüm də anladım ki, təklifi zamanında etməmişəm. Başa düşdüm ki, təklifi elə bir vaxt etməliyəm ki, Aynur buna hazır olmalı və özü də bunu istəməlidir. 2-ci təklifimə "hə" cavabı almağım kiçik bir döyüşdən qələbə ilə ayrılmaq kimi idi. Mən bununla anladım ki, bir qadını qazanmaq elə də asan deyil".    Qızımızın adını demokratik şəkildə qoyduq   Bəli, Aynur xanımın "hə" cavabının üstündən 11 il keçir və onların hazırda 4 yaşında Ayan adlı qızları var. Söhbətimizin bu məqamında cütlüyümüzdən evləndikdən sonra qarşı tərəfdə hansı müsbət və mənfi xüsusiyyətləri kəşf etdiklərini soruşanda hər ikisi "inadkardır" deyir. Müsahiblərimiz deyirlər ki, hər ikimiz də inadkar olduğumuzdan, hansı məsələdə sözümüz düz gəlmirsə, çox uzatmırıq, ya ortaq nöqtəyə gəlirik, ya da məsələ oradaca bağlanır. Kənan bəy, Aynur xanımın onunla mübahisə etməsini, hansı məsələ olursa-olsun, fikirlərini açıq şəkildə ifadə etməsini çox xoşladığını deyir. Vurğulayır ki, ailələri çox demokratikdir. Hətta, bu demokratiyanı qızlarına ad qoyma məsələsində də qoruya biliblər: "Mən qızım olmağını çox istəyirdim. Şükürlər olsun ki, istəyim həyata keçdi. Ayan dünyaya gələnə qədər müxtəlif adlar üzərində düşünürdük. Son anda qərara gəldik ki, demokratiya prinsipini burada tətbiq edək və qızımızın adını Ayan qoyaq. Belə ki, Ayan adının ilk hecasındakı "Ay" Aynurdan, son hecasındakı "an" isə Kənan-dan götürüldü (gülür)".    6 ildir ki, kirayədə yaşayırıq 


Xəbərə aid fotolar