Quranı pulla oxumaq:


Digərləri 14 Fev 2019 22:15:00 228 0

Quranı pulla oxumaq:

Qurani-kərim oxumaq üçün muzd almağın halal olub-olmaması barədə alimlərin fikirləri fərqlidir. Bir qrup alimlər (bunların əksəriyyəti əhli-sünnə məzhəbinə mənsubdur) bunu haram sayır və Allahın kəlamını müəyyən qiymətə satmaq kimi dəyərləndirirlər.

Son.az islam.az-a istinadən bildirir ki, həqiqətən, bəzi mənbələrdə Həzrət Mühəmməd Peyğəmbərin (s) dilindən elə hədislərə rast gəlirik ki, bunlarda Quran oxumağı qazanc mənbəyinə çevirənlər tənqid və məzəmmət edilirlər. Amma bunun müqabilində başqa bir qrup hədislər də var ki, bunlardan çıxış edərək bəzi şərtlər daxilində muzdla Quran oxumağın icazəli olduğu məlum olur. Alimlərin üstün və qüvvətli rəyi də buna uyğundur.

Əvvəla bunu deyək ki, Quran oxumaq və başqalarına bunu öyrətmək çox böyük savaba malikdir. Hər kəs imkan səviyyəsində bunu təmənnasız etsə, Allah tərəfindən mükafatsız qalmaz. Buna görə də başqa yerdən qazancı olan şəxsin təmənnasız olaraq Quran oxuyub möminlərin ruhuna hədiyyə etməsi və bu işi başqalarına da öyrətməsi gözəl olardı.

Ölü ilə bağlı bir neçə əməl var ki, onları icra etmək üçün pul alınmaz. Bunlara vacibi-kifayi deyilir. Bu əməllərin sayı üçdür: ölüyə İslam şəriətinə uyğun olaraq qüsl verib kəfənə tutmaq, dəfn etmək və cənazə namazını qılmaq. Bir müsəlman ölüsü üçün bu işlər edilməyincə, bütün başqa müsəlmanlar bunda sorumlu və cavabdehdirlər. Amma əgər bu işləri bir və ya bir neçə nəfər icra etsə, o birilərin boynundan məsuliyyət götürülər. Diqqət edilməlidir ki, burada qüsl, kəfən və dəfn üçün lazım olan materialların pulu nəzərdə tutulmur; bunlara görə pul tələb etmək olar. Söhbət bu işə çəkilən zəhmətə görə istənilən muzddan gedir. Yəni bir kəs ölünü qüslləyib kəfənləmək, qəbrini qazıb dəfndən sonra üstünü örtmək və ona cənazə namazı qılmaq üçün zəhmət haqqı kimi pul istəsə, haramdır. Amma ölünün ruhuna Quran oxuyub hədiyyə etmək vacib yox, müstəhəb işdir. Ona görə də bunu muzdla etməyin maneçiliyi yoxdur. Əgər bunun üçün pul almağı haram bilsək, eyni məntiqlə gərək yas məclisində istifadə ediləsi ərzağı da pulla satmağı haram sayaq. Yəni təsəvvür edin ki, bir dükana girib satıcıdan tələb edirsən ki, atamın ehsan süfrəsinə təmənnasız ərzaq verməlisən. Bunların hər ikisini etmək vacib yox, müstəhəbdir; ölü sahibinin nə ölü üçün Quran oxutdurması, nə də ehsan verməsi şəriətdə vacib hökm kimi tələb edilmir. Əgər imkanı varsa, bunları edə bilər; imkanı və ya istəyi yoxdursa, məcbur edilə bilməz.

Məsələyə başqa cəhətdən yanaşsaq, məlumdur ki, insan öləndən sonra onun qəzaya getmiş namaz və oruclarını başqası yerinə yetirə bilər və bunun üçün ölü sahibindən muzd istəmək də caizdir. Əgər bir şəxsin sağ ikən boynunda olan vacib (fərz) ibadət o öləndən sonra başqası tərəfindən müzdla icra edilə bilirsə, müstəhəb bir əməl olan Quran oxumağı niyə başqası muzdla etməsin?