Endometrioz nədir?


Digərləri 14 Fev 2019 21:07:00 287 0

Endometrioz nədir?

Statistikaya görə, qadınların təxminən 10 faizi bu üzücü dərəcədə ağrı verən xəstəliyə məruz qala bilər. Amma endometrioz adlı bu xəstəlik kifayət qədər öyrənilməyib və başa düşülməyib - odur ki, çarəsi də, hələlik, tapılmayıb.

Məqalə müəllifi Aimée Grant Cumberbatch yazır ki, onun ağrılı aybaşıları 14 yaşında ikən ilk dəfə başlayıb.

Məktəbə gedəndə, bədəninə isidici sarğı edib gedirdi ki, bəlkə, ağrıya belə dözə bilər. Bu, bəzən kömək edirdi, lakin bəzən də tibbi otağa gedib, ağrıdan qıvrılaraq yataqda uzanırdı. Həkim də nə təklif edəcəyini bilmirdi, çünki appendisiti bundan əvvəl artıq kəsilib götürülmüşdü.

10 il ağrılardan sonra nəhayət ona endometriosis diaqnozu qoyulub. Amma həkimlə söhbətdən məlum olub ki, bu xəstəlik yaxşı öyrənilməyib, müalicəsi çətin olmaqla yanaşı ömür boyu uzana bilər.

Ginekoloji xəstəlik olan endometrioz uşaqlıq orqanının daxili divarını örtən toxumaların uşaqlığın daxili hissəsindən xaricdə əmələ gəlməsilə səciyyələnir.

Bu cür toxumalar uşaqlıq borularında, çanaq nahiyəsində, bağırsaqlarda aşkar edilə bilər. Bəzi nadir hallarda isə bu toxumalar hətta ağciyər, göz və beyində ola bilər. Onların bədəndə heç vaxt aşkar edilmədiyi yeganə yer dalaqdır.

Xəstəliyin simptomları isə özünü kəskin əzabverici ağrı, çanaq nahiyəsində ağrı, yorğunluq və ağır keçən aybaşı ilə göstərir.

Dünya boyu təxminən 176 milyon insan endometrioz xəstəliyinə məruz qalıb.

10 ölkə üzrə keçirilmiş bir tədqiqatın nəticələrinə görə, endometrioz hər bir xəstəyə ildə €9,579 məbləğdə səhiyyə xərcləri deməkdir. Bu xəstəlik sağlamlığa, nəsilartırma funksiyasına, həyat keyfiyyətinə mənfi təsir göstərir, sonsuzluğa gətirib çıxarır.

"Kəskin ağrılar mərkəzi sinir sisteminə təsir edərək insanı başqa xroniki ağrılara qarşı həssas edə bilər", - Oxford Universitetinin elmi əməkdaşı Katy Vincent deyir.

Qadınlarda endometrioz özünü çanaq nahiyəsində, səbəb olmadan, kəskin ağrı ilə bildirir.

Bu xəstəliyin yalnız qadınlarda və aybaşı ilə əlaqəli olması faktı isə bu xəstəliyin müəmmasını artırır.

Qədim köklər

Hesab olunur ki, endometrioz mikroskop vasitəsilə 1860-ci ildə çex alimi Karl von Rokitansky tərəfindən aşkar edilib.

Lakin bu xəstəliyi xatırladan simptomların təsviri qədim zamanlara gedib çıxır.

Belə ki, endometriozu çox vaxt "isteriya" ilə əlaqələndiriblər. Tibbi ədəbiyyatda çanaq nahiyəsi ağrılarının təsviri göstərib ki, "isteriya" sayılan əslində endometrioz simptomu ola bilərmiş.

"Qədimdə, qadının, bükülərək qarnını tutub yerə yıxılmasını isteriya tutması adlandırıblar. Amma bu simptomlar kəskin ağrıya reaksiyanı xatırladır", - tədqiqatda qeyd olunur.

Müasir tibb elminə endometrioz haqqında məlum olan faktlar çox azdır. Xəstəliyin səbəbi məlum deyil, mualicəsi yoxdur. Dəqiq diaqnozun qoyulması 10 ilədək uzana bilər.

Dəqiq diaqnoz yalnız cərrahiyyə yolu ilə - laparosksopiya üsulu ilə - müəyyən oluna bilər.

31 yaşlı Alice Bodenham deyir ki, endometrioz diaqnozunu düzgün qoyan bir nəfər də olsun həkim xatırlamır.

"Deyirdilər ki, bu "normal haldır" və ya "siz şişirdirsiniz". Bir dəfə UZI keçirilərkən, kəskin ağrı hiss etdim Həkimə bu barədə dedim. Sonradan analizin nəticələri gələndə, həkimin "xəstə yüngülcə diskomfort keçirib" qeydini yazdığını gördüm", - Alice xatırlayır.

Endometrioz diaqnozu qoyulan 2600 qadından təxminən yarısı həkimlərə ən azı 10 dəfə müraciət etdikdən sonra bu xəstəlik üzrə ixtisaslaşan həkimə göndəriş ala biliblər.

Alice Bodenham ona düzgün diaqnoz qoyulanadək, ağrıdan bir neçə dəfə huşunu itirib.