Şəkidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib (FOTO)


Digərləri 14 Fev 2019 16:56:00 189 0

Şəkidə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib (FOTO)

Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib.

Bakı. Samir Əli - Bu gün Şəkidə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan regional tədbir keçirilib. Trend-in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Şəki Rayon İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin büstü önünə əklil qoyub, mərkəzdə Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar. Daha sonra tədbirdə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan xüsusi xidmət orqanlarının yaranması barədə danışıb. 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin tərkibində xüsusi xidmət orqanı olan kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradıldığını deyən E.Usubov bildirib ki, bununla da Azərbaycan təhlükəsizlik orqanlarının əsası qoyulub: "Bu il biz Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyini qeyd edəcəyik. Bu münasibətlə yerlərdə bir sıra tədbirlər təşkil olunur. Şəhərimizdə keçirilən tədbir ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinin öyrənilməsinə həsr olunub. Ümummilli lider Heydər Əliyevin yaratdığı dövlət idarəçilik məktəbinin əsas məqsədi müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etməksir. Vətənpərvərlik və dövlətçilik Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli ideologiya kimi formalaşdı. Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər nümunəvi ömrünün 25 ilini bu orqanlarda xidmətə həsr edib. O qətiyyəti və cəsarəti sayəsində respublikanın təhlükəsizlik orqanında tədricən azad Azərbaycan üçün bacarıqlı kadrların hazırlanmasına xüsusi diqqət yetirib, çoxsaylı ziyalı və ictimai xadimləri həbsdən və təzyiqlərdən xilas edib. Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi xidmət orqanlarının inkişafını daim diqqət mərkəzində saxlamış, dövrün ağır şərtlərinə baxmayaraq, bu orqanın formalaşmasına böyük əmək sərf etmişdi. Sədaqətli və vətənpərvər ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasının yaradılması da bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır". E.Usubov deyib ki, bu gün Prezident İlham Əliyev ulu öndərin bu siyasətini yeni tələblərə uyğun şəkildə uğurla davam etdirir: "Prezident İlham Əliyevin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur. Bu istiqamətdə lazımi hüquqi baza yaradılıb, texniki təchizat və kadr hazırlığı işi yeni tələblərə uyğun qurulub. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatlar aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir.