BP "Şahdəniz" yatağından qaz hasilatını artırıb


Digərləri 14 Fev 2019 15:07:00 219 0

BP "Şahdəniz" yatağından qaz hasilatını artırıb

BP "Şahdəniz" yatağından qaz hasilatını artırıb.

Bakı. 2018-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz 2" layihəsinə aiddir. BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ildə "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib. İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilib. 2017-ci ildə bu göstərici müvafiq olaraq 10,2 milyard kubmetr qaz və 2,4 milyon ton kondensat olub. 2018-ci ildə, həmçinin "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz boru kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilib. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir. 2018-ci ildə Şahdəniz Alfa platformasında SDA11 quyusu qazılıb və tamamlanıb. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.