Həşəratların məhvi "təbiətin kollapsı" ilə nəticələnə bilər


Digərləri 13 Fev 2019 22:35:00 265 0

Həşəratların məhvi "təbiətin kollapsı" ilə nəticələnə bilər

Yer kürəsində çoxlu sayda həşərat növlərinin nəsli kəsilmək üzrədir. Əgər bu tendensiyanın qarşısı alınmazsa, o zaman bir əsr ərzində həşərat növlərinin 40 faizi məhv olacaq. Bu isə öz növbəsində "təbiətin ekoloji sisteminin kollapsı" ilə nəticələnə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər "Biological Conversation" dərgisində yer alıb. Nüfuzlu jurnalda dərc olunan məqalədə qeyd edilir ki, əgər dünyada qida məhsulları istehsalında hazırda tətbiq edilən metodlar dəyişdirilməsə, o zaman bir çox həşərat növləri tarixə qovuşacaq və onların məhvi planetimizin ekosistemi üçün fəlakətli təsirə malik olacaq. Son 60 ildə kənd təsərrüfatının inkişaf tempi çoxlu sayda həşərat növlərini yox olmaq təhlükəsi altında qoyub. Bir tərəfdən onların yaşayış arealının əkin sahələrinə çevrilməsi, digər tərəfdən isə pestisidlərdən geniş istifadə bu canlılara mənfi təsir göstərir. Həşəratların müxtəlif kimyəvi maddələrə həssaslığı quşlar, sürünənlər və məməli heyvanlarla müqayisədə səkkiz dəfə yüksəkdir.

Təhlil edilmiş 73 elmi araşdırma əsasında qələmə alınan məqalədə son iki onillikdə həşəratların ümumi kütləsinin hər il 2,5 faiz azaldığı qeyd edilir. Həşəratların məhv olması, eyni zamanda, onlarla qidalanan heyvanlara (quşlar, sürünənlər, amfibiyalar və balıqlar) mənfi təsir göstərir və menyusunda yalnız həşəratlar yer alan, bu qida mənbəyindən məhrum olan bir çox heyvan növlərinin də nəsli kəsilmək təhlükəsi ilə üzləşir.