Qulaqlıqla musiqi dinləmək nəticəsində 1 milyarddan çox adam eşitmə qabiliyyətini itirə bilər


Digərləri 13 Fev 2019 22:41:00 307 0

Qulaqlıqla musiqi dinləmək nəticəsində 1 milyarddan çox adam eşitmə qabiliyyətini itirə bilər

Planetimizdə 12-35 yaş arasında 1 milyarddan çox insan smartfonlar və pleyerlərdən qulaqlıqla gursəsli musiqi dinləmək nəticəsində eşitmə qabiliyyətini itirə bilər.

AZƏRTAC Dünya Səhiyyə Təşkilatının (DST) saytına istinadla xəbər verir ki, bunu martın 3-də qeyd olunan Beynəlxalq Eşitmə Qabiliyyətinin Qorunması Günü ərəfəsində DST və Beynəlxalq Elektrik Rabitəsi İttifaqının hazırladığı tövsiyə xarakterli hesabatın müəllifləri bildiriblər.

DST-nin baş eksperti Şelli Çadxa deyib: "Təsəvvür edin ki, siz spidometri və sürət məhdudiyyəti olmayan maşında şütüyürsünüz. Biz təklif edirik ki, smartfonlar da bu cür "spidometrlə" təchiz olunsun. Bununla səsin səviyyəsini müəyyən etmək və limitin aşılmasını elan etmək mümkün olsun".

Tövsiyələrdə təklif olunur ki, smartfonlarda və rəqəmsal audiopleyerlərdə yerləşdiriləcək sistem səs yazılarının dinlənilməsi müddətini və səsin gurluğunu müəyyən edə bilsin. Bununla da limitin aşıldığı zaman valideynlər uşaqlarına nəzarət edə bilərlər. Həmçinin gurultu təhlükəli həddə çatdıqda dinləyici xəbərdar edilə bilər.