İraq Küveytə təzminat ödəməkdə davam edəcək


Dünya 13 Fev 2019 21:44:00 238 0

İraq Küveytə təzminat ödəməkdə davam edəcək

BMT-nin Təzminat Komissiyasının qərarına əsasən İraq 1990-cı ildə Küveyti işğal etdiyinə görə bu ölkəyə 1,24 milyard dollar həcmində təzminat ödəməlidir. Lakin bu günə kimi İraq Küveytə yalnız 300 milyon dollar ödəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, işğaldan sonra Küveyt BMT-yə təzminat ödənilməsi haqqında müraciət edib. Uzun sürən araşdırmalardan sonra BMT-nin Təzminat Komissiyası İraqın Küveytə 1,24 milyard dollar həcmində təzminat ödəməli olduğu haqqında qərar qəbul etmişdi. Müharibənin İraq iqtisadiyyatına vurduğu zərbəni nəzərə alan BMT təzminatın hissə-hissə ödənilməsi şərti ilə razılaşıb. Səddam Hüseyn devrildikdən sonra İraqın yeni hakimiyyəti təzminatı hissə-hissə ödəməyə başlayıb və bu günədək Küvetə 300 milyon dollar ödəyib. Lakin 2014-cü ildə İŞİD terror qruplaşmasının İraqın neft hasil olunan bölgələrini zəbt etməsi təzminatın ödənilməsinin dayandırılmasına səbəb oldu.

Ötən gün BMT-nin Təzminat Komissiyası məsələyə yenidən baxaraq 2019-cu ildən başlayaraq İraqın neft satışından əldə etdiyi gəlirlərdən təzminatın qalan hissəsinin ödənilməsi haqqında qərar qəbul edib. İraq hökuməti qərara heç bir etiraz etmədən cari ildə təzminatı ödəyəcəyinə söz verib.