Nazirlik sosial şəbəkədə yayılan iddialara cavab verdi


Digərləri 13 Fev 2019 21:35:00 206 0

Nazirlik sosial şəbəkədə yayılan iddialara cavab verdi

Əlilliyin qiymətləndirilməsində vətəndaşla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında təmas yoxdur.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bir sıra sosial şəbəkə səhifələrində Cəfərov Vaqif Salman oğlu və Mustafayev Valeh Füzuli oğlunun onlara əlilik təyin olunması üçün rüşvət istənildiyinə dair iddiaları yayımlanıb.

Bununla əlaqədar bildiririk ki, əlillik təyin olunması üçün vətəndaşın Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməsi, onun TSEK-də əyani müayinə olunması praktikası hazırda mövcud deyil. Yəni indi heç kim ona əlillik təyin olunması üçün TSEK-ə müraciət etmir, əlillik qrupunun verilməsi prosesində vətəndaşla TSEK arasında heç bir kontakt baş vermir.

Bu proses elektron sistem tərəfindən həyata keçirilir. Belə ki, hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə göndəriş (forma 88) daxil edilir. Göndərişdə şəxsin kimliyi, hansı ünvanda yaşadığı, göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız göndərişdəki xəstəlik vəziyyəti əsasında bu və ya digər TSEK tərəfindən əlillik qiymətləndirilir və əlillik qrupunun təyin edilib-edilməməsi barədə qərar verilir. (Əgər şəxs bu qərardan narazı qalarsa, o zaman, müvafiq komissiya təşkil edilməklə, onun əlilliyinin qiymətləndirilməsi birbaşa özünün iştirakı ilə aparılmasına, əyani müayinəyə da şərait yaradılır.)