Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: "Ayda 700 manat maaş alırdım"


Digərləri 13 Fev 2019 17:59:00 228 0

Azərbaycandan 5.5 milyard manat çıxaran şəxs: "Ayda 700 manat maaş alırdım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda və Azərbaycandan çıxarmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R.Vəliyev suallara cavab verib.

O bildirib ki, taksi sürücüsü işləməmişdən əvvəl beton zavodda operator vəzifəsində çalışıb.

R.Vəliyev 9 şirkətin direktoru olduğunu, əvvəllər bankda işləmədiyini bildirib: "Əmək haqqım 700 manat olub. Maaşı nağd şəkildə Əli Can verirdi. Malik Əliyev 2013-cü ildən bizimlə çalışırdı. O, müqavilə və yük bəyannamələrinə nəzarət edirdi. "Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov, bankın filial direktoru Oqtay Havıyev, işçisi Kənan Məcidov və bankın rəhbəri ilə danışıqlarım olmayıb".

Məhkəmədə elan olunub ki, hər iki şəxs çirkli pulları 16 bank vasitəsi ilə xarici şirkətlərin hesabına köçürüblər. Həmçinin R.Vəliyevlə "Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü Azər Mövsümov arasında telefon danışıqları olub.

R.Vəliyev qeyd edib ki, bankın Xətai filialında yer ayrılmaq üçün A.Mövsümovla görüşə M.Əliyev gedib: "Mən Oqtay Hacıyevə bu barədə deyəndə Azər müəllimlə danışdı. Sonra görüşə Malik getdi. Oqtay Hacıyevi üzdən tanıyıram. Ülkər Nəbiyeva bizim işçimizdir, sənədlərə baxırdı".

Daha sonra digər təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini M.Əliyev dindirilib. O, 2013-cü ildə R.Vəliyevlə tanış olduğunu qeyd edib: "Rüfət Türkiyə vətəndaşının yanında çalışdığını, onun mal dövriyyəsinin geniş olduğunu bildirdi. Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım. Azər Mövsümova bankda yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi. Pullar Əli Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı. Mən müqavilələrə baxırdım. Səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm".

Hakim deyib ki, M.Əliyev hər dəfə banka 10 milyon manata yaxın pul aparıb, xaricə köçürüb.

Şahid qismində ifadə verən Ülkər Nəbiyeva deyib ki, "Royalbank"ın keçmiş əməkdaşı olub, 2013-cü ildə M.Əliyev tərəfindən ona iş təklif olunub. O bildirib ki, R.Vəliyevlə iş görüşməsini "Azəriqazbank"ın Xətai filialının ofisində edib: "Mən işə kərkuzar kimi qəbul olundum. Elə iş yerimiz də bankın ofisi idi. Şirkətə bankın filialında ofis ayrılmışdı. Bir neçə işçi orada çalışırdıq. Mən müqavilə sənədlərinə baxırdım".