Prezident İlham Əliyev: "Bu il əlavə iki Olimpiya İdman Kompleksinin açılışı gözlənilir"


Siyasət 13 Fev 2019 17:40:00 234 0

Prezident İlham Əliyev: "Bu il əlavə iki Olimpiya İdman Kompleksinin açılışı gözlənilir"

Bu il əlavə iki Olimpiya İdman Kompleksinin açılışı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev idmançılarla və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz çalışırıq bütün bölgələrdə, hər bir rayonda müasir idman kompleksləri tikilsin ki, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olsunlar. Bu şəraiti biz yaradırıq. Deyə bilərəm ki, bu Olimpiya İdman Kompleksi ən yüksək dünya standartlarına cavab verir. Burada bizim gənc idmançılarımız məşq edəcəklər, yarışacaqlar və beləliklə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldıracaqlar".

Prezident bildirib ki, bütün bölgələrdə bu istiqamətdə işlər gedir: "Bu il əlavə iki Olimpiya İdman mərkəzinin açılışı gözlənilir. Yəni, Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır. Bunun nəticəsində bizim idmançılarımız beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələr qazanırlar. Hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, idmançılarımız bu gün dünya miqyasında ən yüksək zirvədədirlər. Bunu Olimpiya Oyunları da göstərir. Keçən Yay Olimpiya Oyunlarında medalların sayına görə bizim komandamız dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi bir qələbədir. Çünki biz bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq. Dünya və Avropa çempionatlarında da bizim idmançılarımız ən yüksək nəticələr göstərərək bayrağımızı zirvələrə qaldırırlar.

Əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait olmalıdır. Bu şərait yaradılır. Bakı şəhərində ən mötəbər idman yarışları keçirilir - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya çempionatları. Bölgələrdə bu şərait yaradılır ki, idmançılar, gənclər idmanla məşğul olsunlar. Əminəm ki, rayon sakinləri də bu imkanlardan istifadə edəcəklər. Çünki hər bir vətəndaş idmanla məşğul olsa, daha sağlam olar. Çünki idman sağlamlığın rəhnidir. İdmançılar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Bizim idmançılarımız yarışlarda da, məişətdə də yüksək nümunə göstərirlər. Biz idmançılarımızla haqlı olaraq fəxr edirik. Bizim görkəmli idmançılarımız, Olimpiya çempionlarımız, dünya çempionlarımız,- onlardan biri bu gün burada iştirak edir,- bizim fəxrimizdir. Onlar gənclər üçün gözəl nümunə göstərirlər".

İlham Əliyev vurğulayıb ki, gənclər vətənpərvər, peşəkar, fiziki cəhətdən güclü olmalıdırlar: "Mən görürəm, Beyləqan idmançılarının medalları kifayət qədər çoxdur. Siz bu medalları yarışlarda qazanmısınız. Beyləqanda çox güclü güləş məktəbi vardır. Bu ənənələr yaşayır, yaşayacaq. Əminəm ki, bundan sonra da Beyləqan ölkəmiz üçün gözəl idmançılar yetişdirəcəkdir. Biz isə çalışacağıq ki, bundan sonra da idmanın inkişafı ilə bağlı lazımi addımları ataq. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bunu demək olar ki, bütün beynəlxalq idman qurumları qeyd edir, yüksək qiymətləndirir və məhz buna görə Azərbaycanda çox böyük beynəlxalq yarışlar keçirilir".