Baş redaktor: "Prezident İlham Əliyev ölkənin səmərəli idarəçiliyində milli media ilə əməkdaşlığa çox mühüm faktor kimi baxır"


Siyasət 13 Fev 2019 17:50:00 220 0

Baş redaktor: "Prezident İlham Əliyev ölkənin səmərəli idarəçiliyində milli media ilə əməkdaşlığa çox mühüm faktor kimi baxır"

Azərbaycan Prezidenti İlham Əliyev Real televiziyasına müsahibəsində ölkənin səmərəli idarəçiliyində milli media ilə əməkdaşlığa çox mühüm faktor kimi baxdığını növbəti dəfə dilə gətirdi.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyevin fikrincə, əslində Azərbaycanın mediası və jurnalistlərin qürur duyması üçün əhəmiyyətli bir məqamdır ki, dövlət başçısı medianı sözün həqiqi mənasında özünə qiymətli tərəfdaş saydığını açıq söylədi:

"Cənab İlham Əliyev medianın ölkənin həyatında həqiqətən önəmli rol oynadığını mediadan aldığı məlumatlara istinad etdiyini deməklə bir daha sübut etdi. Bu kontekstdə Prezidentin gələcəkdə də mediamızla əməkdaşlığını davam etdirəcəyini deməsi çox önəmlidir. Əslində Real televiziyasına müsahibə verdiyi anadək dövlət başçısı ilə Azərbaycan mediası arasında ünsiyyətlər məsələsində boşluq olduğunu söyləmək qətiyyən düz olmazdı. Belə ki, əgər ölkə rəhbəri milli mətbuatı gündəlik izləyirsə, öz işinin bir hissəsini medianın xəbərləri üzərində qurursa, mediaya dövlət dəstəyi mexanizminin gündəlik, fasiləsiz fəaliyyətini təmin edirsə, sosial dəstəyə fərdi ehtiyacı olan jurnalistlərə lazımı kömək göstərirsə, prinsipcə bunun özü media ilə sıx əməkdaşlıq deməkdir və bu halda Prezidentin media ilə əməkdaşlığında hər hansı boşluğun mövcudluğundan danışmaq yanlış olardı. Dövlət başçısının "Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm" fikri bunu bir daha bariz şəkildə göstərir. Ancaq əlbəttə ki, Prezident İlham Əliyevin Real televiziyasına geniş müsahibəsi ehtiyac duyulan hadisə kimi böyük əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, müsahibə bütün Azərbaycan jurnalistlərini düşündürən suallara dəqiq və ətraflı cavab vermək baxımından çox dəyərlidir: "Müsahibədə Azərbaycanın daxili və xarici siyasətinin bütün istiqamətləri barədə uzunmüddətli təhlillər aparmaq üçün yetərli materiallar verildi. Ölkəmizin irəliyə doğru hərəkətində mənafelərimizə uyğun olan bütün istiqamətlər barədə öncədən dəqiq təsəvvürlər yaradıldı. Əlbəttə, bunlar kiçik amillər deyil. Nəzərə almaq lazımdır ki, xalq Prezidentin səsləndirdiyi hər bir yekun xarakterli mülahizəyə və gələcəyə yönəlik fikrə xüsusi həssaslıqla yanaşır. Dövlət başçısı yerli və əcnəbi medialarla əməkdaşlıq məsələsinə də klassik izah verdi. Əslində cənab İlham Əliyevin bu izahını belə başa düşmək daha doğru olardı: dövlətimizin bugünkü həqiqətləri barədə xarici mediaya müsahibə, yerli mediaya isə hesabat verirəm".

Baş redaktor qeyd edib ki, milli media və vətəndaş jurnalistikası qarşısında əsl ölkə liderinin mövqeyinin bundan klassik ifadə tərzi ola bilməz: "Azərbaycanın reallıqlarını və aparılan siyasətin nəticələrini təhrif və təftiş edən beynəlxalq dairələr əfsuslar olsun ki, hələ də mövcuddur. Belə qüvvələrin fəaliyyətinə qarşı ən təsirli əks-faktorlar kimi Prezidentin özünün müsahibə və bəyanatları alternativsizdir. Bütün hallarda dövlət başçısının şərhi onun ölkə mediasına və milli jurnalistlərimizin rəyinə nə qədər hörmətlə yanaşmasının göstəricisidir. Prezidentin bu maraqlı izahını cəmiyyətimizə və jurnalistlərə həm də orijinal bir mesaj kimi başa düşmək olar: "Azərbaycanı qaralayanları xarici medianın imkanları ilə susdurmaq mənim işimdir, görülən işləri xalqımıza obyektiv çatdırmaq isə öz jurnalistlərimizin işidir".