Əli Əhmədov: İnternetdə təhqirlərin qarşısını almaq üçün texniki və hüquqi tənzimləmə yolları tapılmalıdır


Digərləri 13 Fev 2019 15:33:00 184 0

Əli Əhmədov: İnternetdə təhqirlərin qarşısını almaq üçün texniki və hüquqi tənzimləmə yolları tapılmalıdır

İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar.

Bakı. Elçin Mehdiyev – İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşündə deyib. Ə.Əhmədov bildirib ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur: "İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”. İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir: “Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin