Müasirləşən və yenilənən AZTV


Digərləri 13 Fev 2019 11:49:53 185 0

Müasirləşən və yenilənən AZTV

Televiziyanın kütləvi informasiya vasitələrindən biri olaraq, cəmiyyətdə xüsusi yeri var və böyük təsir gücünə malikdir.

Bakı. Televiziyanın kütləvi informasiya vasitələrindən biri olaraq, cəmiyyətdə xüsusi yeri var və böyük təsir gücünə malikdir. Digər KİV orqanları arasında daha əhatəli təsir bağışlayan televiziyanın yaranışından müasir zamanımıza qədər keçən dövrə nəzər saldıqda necə inkişaf dövrü keçdiyini görmək mümkündür. Televiziyanın təsir gücü verilişlər və informasiya siyasəti ilə izah olunur. Birincisi, televiziyanın müasir texnologiyası onun əhatə arealını genişləndirir və bütün nöqtələrə girişinə şərait yaradır. İkincisi, verilişlər geniş auditoriyanı əhatə edir, şüurların formalaşmasına təsir göstərir. Belə demək də olar ki, televiziya informasiya mənbəyi kimi oynadığı roluyla bərabər, həm də tərbiyəvi-əxlaqi təsir gücündə olan təsir vasitəsidir. Televiziyanın qəzet və radiodan fərqi onun vizual görünüşlə hər bir evə daxil olmasıdır. Artıq bu informasiya vasitəsi qonaq deyil, daha bir ailə üzvüdür. Ümumilikdə isə onun yaranması müzakirələrə də yol açmaqdadır. Əsas diskussiya mövzusu tamaşaçının təlabatının ödənilməsi ilə bağlıdır. Peyk sisteminin mövcudluğu şəraitində minlərlə telekanalın əhatəsində belə təlabatı ödəməyin necə çətin olduğunu düşünmək televiziyaların yaradıcı heyətinin üzərinə düşən məsuliyyətli vəzifələrdən biridir. Hazırda müzakirə predmeti bundan ibarətdir ki, televiziya tamaşaçının təlabatını ödəməlidir, yoxsa tamaşaçı televiziyanın səviyyəsinə qalxmalıdır. Belə düşünmək olar ki, əgər televiziya adamların evinə daxil olursa, deməli təlabat mütləq ödənməlidir. Həqiqət yükü çox olan bu fikrin alternativi də var. Yəni, alternativ fikrə görə televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır. Bu məsələdə digər zərərli cəhət isə tamaşaçının bitib-tükənməyən tələbi hesab olunur. Müxtəlif düşüncələrin istəyinə uyğunlaşmaq, hər bir beynin təlabatının ödənilməsi sonda idarəolunmaz xaosa gətirib çıxara bilər. Çünki tamaşaçı auditoriyası müxtəlif yaş, cins və s. kimi qruplardan ibarətdir. Yaş fərqi, cins fərqi, sosial status və s. kimi halların hamısı hesablanarsa, tələblər tükənməzdir. Lakin bu təhlükəli tendensiyadan uzaqlaşmağın yolu televiziyanın idarəedici, sabitləşdirici faktora malik olması anlamıdır. Digər məqam isə ondan ibarətdir ki, televiya yaradılanda onun əsas məqsədi tamaşaçının təlabatını ödəməklə, zövqünü oxşamaqla yanaşı, milli maraqlara cavab verən informasiya siyasətinin formalaşmasında iştirakdan ibarətdir. Mübahisəli məqama diqqət çəkənlər hesab edir ki, televiziya müstəqil siyasət yürütməlidir. Lakin dünyanın böyük ölkələrinin telekanallarının informasiya siyasətinə dövlət nəzarəti onu göstərir ki, müstəqil televiziya yayımı yalnız verilişlərə aiddir. Xəbərlər isə dövlətin maraqlarına, milli maraqların qorumasına uyğun hazırlanmalıdır. Məhz bu istiqamətdə Azərbaycan Televiziyasının tutduğu mövqe tamaşaçının informasiya təlabatını ödəməklə bərabər, cəmiyyətdə sabitləşdirici rol oynamaqdan ibarətdir. Sürətlə baş verən texnoloji dəyişikliklər dünyanı bir ovuca sığacaq qədər kiçiltmişdir. AZTV-nin qarşısında duran əsas səciyyəvi xüsusiyyətlərindən biri informasiya sənayesinin qurulmasını özündə ehtiva etməsidir. İnformasiya və telekommunikasiya texnologiyalarının geniş vüsət almasından əlavə tamaşaçı şüurunun təkmilləşməsi, hadisələrə müasir yanaşma tərzi, operativlik ciddi və arzuolunan dəyişikliklərə gətirib çıxarmaqdadır. Sözsüz ki, peyk sistemi vasitəsilə dünyaya yayımlanan Azərbaycan Televiziyası informasiyanın əldə edilməsi, istehsalı, ötürülməsi istiqamətindəki bütün tarixi mərhələlərdə tamaşaçıların həyatında mühüm rol oynamaqdadır. İnformasiya cəmiyyətinin qurulmasında, milli doğal quruluşun yaddaşlardan silinməməsində AZTV-nin xidmətləri danılmazdır. Bu da qısa zaman kəsiyində müasirliyə, dünyaya inteqrasiyaya doğru dinamik inkişaf tempi ilə çatmağa çalışan AZTV-nin modern dünyadan əxz etdiyi xüsusiyyətdir.