Burulğanlı dünya dənizindən sahilə çıxmağın yeganə vasitəsi


Digərləri 12 Fev 2019 21:45:00 219 0

Burulğanlı dünya dənizindən sahilə çıxmağın yeganə vasitəsi

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimə (s.ə) günlərini yaşamaqdayıq. Bu günlər İslam tarixinin ən hüznlü, ən kədərli və ən ibrətamiz günləridir. Bu günlərdə Həzrət Zəhra (s.ə) haqq dünyasına səfər edərək, ümməti yetim qoymuşdur.

Nəql edirlər ki, İmam Əli (ə) Həzrət Fatiməni (s.ə) torpağa tapşırarkən buyurmuşdur: "Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi və güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti - belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram.

Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur - (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Tezliklə qızın səni ümmətinin və bir-birləri ilə əlbir olanların ona olan zülmlərindən və haqqını qəsb etmələrindən xəbərdar edəcək.

Bütün baş verənləri ondan soruş və vəziyyət barəsindəki xəbərlərin hamısını ondan xəbər al. Bu zülmlər baş verərkən sənin getməyindən elə də çox zaman keçməmişdi və xatirələrin itməmişdi.

Salam olsun sizə, bezikmək deyil, vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil. Əgər qalsam, bu, Allahın səbir edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil".

Həzrət Fatimə (s.ə) irsi

Bəli, belə bir kədər dolu günlərdə yaşayırıq. Həzrət Fatiməni (s.ə) anarkən, onun ideallarına diqqət etmək düzgün olardı. Burada Həzrət Fatimənin (s.ə) irsini yada salmaq gərəkdir. Bu irsdən söz düşərkən, ilk növbədə göz önünə hicab gəlir. Zaman-zaman basqılara məruz qalan hicab...

Həzrət Fatimə (s.ə) - bir kamil insan nümunəsidir. Onun qısa, lakin başdan-başa məna ilə dolu olan həyatının hər anı Allaha Təalaya xidmətdən ibarətdir.

Həzrət Fatimənin (s.ə) insanlara vəsiyyət etdiyi ən mühüm dəyər - təqvadır. Təqva mövzusunda dinimizin çoxlu əməli göstərişləri vardır. Bununla əlaqəli Məsumlardan (ə) nəql edilən hədislərə nəzər salaq.

Həzrət İmam Musa Kazım (ə) cənab Loğmandan (ə) oğluna dediyi bir mövzunu nəql edir. Həzrət Loğman (ə) oğluna buyurur: "Dünya - dərin dənizə bənzər. Çox insanlar onda qərq olublar. Buna görə də, xilas olmaq üçün sənin bu dənizdə mindiyin gəmin gərək İlahi təqva, onun yükü - iman, yelkəni - təvəkkül, idarə edəni - ağıl, yol göstərəni - elm və sükanı da səbir olsun".

Həzrət Loğmanın (ə) bu mübarək buyuruşuna diqqət etsək, bir neçə incə mətləblərə varmış olarıq.

Dünya elə bir dəniz kimidir ki, özündə çoxlarını qərq edib

Birincisi, dünyanın dərin dənizə bənzədilməsi məsələsidir. Yəni, dünya bir dərin dəniz kimidir. Dayaz deyil, səthi deyil - dərindir. Burada bir məsələ çıxır ki, insan özünü dərin dənizdə necə aparmalıdır? Necə ki, insan dərin dənizdə hazırlıqsız olmayır, eləcə də dünyada necə gəldi mövcud olması düzgün deyil.

Həzrət Loğman (ə) bizlərə öyrədir ki, dünya - dərin bir dəniz kimidir. Özü də bu dəniz o qədər dərindir ki, çox insanlar orada qərq olublar. Çoxlu sayda insanlar həmin dənizdə məhv olub, aradan gedib. Bu dərin dənizdə baş çıxarmaq çox çətindir. Qərq olanlar o kəslərdir ki, lazımi davranışları olmadığından həmin dənizdə qərq olublar. Dünya bax, belə bir yerdir. Çox dərin yerdir, burada burulğanlar olur, çoxlu keşməkeşlər olur. Bura - sadə və səthi bir yer deyil. İnsanın bu dünya üçün hazırlığı olmalıdır.

Təqvadan başqa bütün miniklər bizi dərin okeanda yalqız qoyacaq

Bəli, çoxları bu dünyada bədbəxt olublar. Dünyanın belə bir çətinliklərə malik olduğunu bilən təqdirdə, istəyirik ki, bu burulğanlarda məhv olmayaq. İstəyirik ki, bu dünyada xilas olaq. Bunun üçün uyğun miniyimiz, gəmimiz olmalıdır. Həzrət Loğman (ə) bizlərə dənizin dərinliklərində batmamağımız, üzərində hərəkət edə bilməyimiz və salamat şəkildə sahilə gedib çıxmamız üçün ən yaxşı miniyin - İlahi təqva olduğunu çatdırır. Yəni, bizlər Allahın istəyinə uyğun yaşamalı, Allahın rizası olmayan məsələlərdən uzaq olmayıyıq. Təqva - budur. Təqva budur ki, Allah istəyən kimi baxasan, Allah istəyən kimi danışasan, Onun istədiyi kimi davranasanvə bu kimi. Və eyni zamanda Allahın istəmədiklərindən də çəkinəsən.

Bu, hər məsələyə - istər fərdi həyatımıza, istər ictimai həyatımıza, ailə həyatımıza, iqtisadi həyatımıza - hər bir işimizə aiddir. Əgər biz təqvanı özümüz üçün minik seçsək - fərdi, ailə, ictimai, iqtisadi həyatımızda gedib sahilə çıxa biləcəyik. Lakin, əgər onu minik seçməsək, boğulub məhv olacağıq.

Əgər istəyiriksə həyatımızın bütün sahələrində nicat tapaq və sahilə gedib çıxa bilək, gərək miniyimiz təqva olsun. Bundan başqa etibarlı minik yoxdur. Yediyimizdə təqva, içdiyimizdə təqva, oxuduğumuzda təqva, baxdığımızda təqva, dostluğumuzda, qonşuluğumuzda təqva və s. Əgər miniyimiz bu olmasa, bizi suda qoyacaq. Bu dərin, burulğanlara malik olan dünyadan xilas olmaq üçün, gərək öz mövcudiyyətimizi təqva mövzusu ilə uyğunlaşdıraq.

İman yükü olmayan gəmi sahilə çata bilməyəcək

İkinci məsələ budur ki, gərək həmin gəminin yükü olsun. Əgər o yük olmasa, biz bir yerə gedib çıxa bilmərik və minikdən də doğru-dürüst istifadə edə bilmərik. Bu yük - imandır. İmanımız nə qədər inkişaf edərsə və nə qədər artarsa, bizim sahilə gedib çıxmamız üçün bir o qədər yardımçı olar. Biri var, insanın imanı bu həddə olar ki, deyər: "Bilirəm, Allah var" və bununla bitər. Biri var, imanı bir həddədir ki, deyər: "Düzdür, namaz vacibdir, amma yəqin ki, qılmasan da olar". Təbii ki, belə iman yetərli deyil. Az imanla insan gedib sahilə çıxa bilməz. Elə bir burulğanlar meydana gəlib çıxar ki, orada lazım olduğu kimi davrana bilməz. Ona görə də insan gəminin yükünə, yəni öz imanına xüsusi diqqət etməlidir.

Bütün işlər görüldükdən sonra, özünü Allahın tofiqatına təhvil ver

Bir mühüm məsələni də Həzrət Loğman (ə) bizə öyrədir ki, bu da təvəkküldür. Gərək gəminin yelkəni təvəkkül olsun. Yəni, insan ondan asılı olanı edəndən sonra, bacardıqlarını gördükdən sonra, gərək özünü Allahın tofiqat küləyinə təhvil versin. Bütün görülməlilər olduqdan sonra, gərək insan özünü Allahın xüsusi inayətlərinə təhvil versin. Bəndə olaraq, nə mümkündür etdikdən sonra, gərək bu küləyə təhvil verəsən işlərini. Bundan sonra külək gəmini hansı istiqamətə aparacaqsa - səndən deyil, ondan asılıdır. Gərək insan özünü Allaha təslim etsin. İnsan ondan asılı olanları yerinə yetirdikdən sonra, özünü mənəvi, nurani küləklərin ixtiyarına buraxmalıdır.