Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?


Dünya 12 Fev 2019 21:16:00 205 0

Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?

Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərdi. Onlar Suriyada humanitar missiya ilə məşğul olacaqlar. Erməni hərbçilər Suriyada yardım paylayacaqlar, əraziləri minalardan təmizləyəcəklər.

Nikol Paşinyanın erməni həbrçiləri Suriyaya göndərməsi bir sıra suallar doğurur.

Son.az teleqraf.com-a istinadən bildirir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şhinoğlu hesab edir ki, Paşinyan bu addımla birinci növbədə Rusiyanın istəyini yerinə yetirib: "Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi. Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya hamunaitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər".

Ekspertə görə, Azərbaycan Suriyaya humanitar missiya göndərə bilməz: "Çünki bu halda Azərbaycanın Suriyada Rusiyanın və Bəşər Əsəd rejiminin müttəfiqi kimi qiymətləndirilə bilər. Bu halda Azərbaycanın Türkiyə və Qərb dövlətləri ilə münasibətlərində gərginlik yaşana bilərdi. Bundan istifadə edən Paşinyan Azərbaycanı qabaqlamağa qərar verdi. Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putin izah etdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verir. Bu Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Azərbaycana deyil, Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi.

İkincisi, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır. Çünki, Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o Suriyada yaşayan ermənilərin qayğısına qalır.