İran İslam İnqilabı 40cı ilində: İranlılar şəfəqdə gün sayarkən


Dünya 12 Fev 2019 21:04:00 183 0

İran İslam İnqilabı 40cı ilində: İranlılar şəfəqdə gün sayarkən

İranlılar inqilabın 40-cı ildönümünü "Şəfəqdə 10 gün" hadisələriylə xatırlayırlar. Kimisi həyəcanla, kimisi məyusluqla.

Ayətullah Ruhulla Xomeyni, şah Məhəmməd Rza Pəhləviyə qarşı üsyanın təbliğat kasetlərini Parisin 39 km qərbində yerləşən Neauphle-Le-Chateau kəndində sürgün yaşadığı mənzildə lentə alırdı.

Kasetlər İrana çatdırılır və əl altından paylanırdı.

Ayətullahın qayıdışını xatırlayarkən

Xomeyni 1979-cu il fevralın 1-də AirFrance hava yollarına aid Boing 747 təyyarəsi ilə Parisdən Tehrana enən zaman insan seli, "despotizm" və "mütəmləkəçi" dövrün sonunu elan etmək üçün onu qarşılamağa gəlmişdi.

10 gün sonra hərbçilər kazarmalara çəkildi, 1979-cu il yanvarın 16-da Qahirəyə qaçan Şahın geridə qoyduğu hökumət də çökdü.

İstiqaməti "Nə Şərq, nə Qərb" şüarı ilə təyin edən inqilabçılar "Qərbin kuklaları" adlandırdıqları, ABŞ-ın bölgədəki bir nömrəli müttəfiqi olan Şah rejimini devirmişdi. Yəni artıq "mütəmləkəçi" dövr bağlanmışdı. Lakin "despotizm" yeni sahə tapmışdı.

Rejimin uğur hekayəsi

İran İslam Respublikası bütün sanksiyalara baxmayaraq, 40-cı ilinə müstəqil iradəsini qoruyaraq girdiyini nümayiş etdirmək istəyir. Zəif olmadığını göstərmək üçün xüsusilə müdafiə sahəsindəki irəliləyişləri nümayiş etdirir. Ötən ay buraxılan "Peyam" adlı peyk uğursuz olduğuna görə 40-cı ilə hədiyyə edilmədi, amma bu günün xatirəsinə 1000 km məsafəli "Dezful" mərmisi meydana çıxarılıb.

2015-ci ildə 5+1 ilə imzalanan Kompleks Ortaq Fəaliyyət Planı (JCPOA) ilə "qandallanan" nüvə proqramı da milli qürur mənbəyidir.

Elmi fəaliyyətlər, texnologiya istehsalı, senzura mexanizmlərinə baxmayaraq sənət və kino sahəsindəki əsərlər,oxuma-yazma nisbətinin 47 faizdən 97 faizə qalxması, universitet bitirən qadınların nisbətinin 3 faizdən 65 faizə yüksəlməsi və nəşr olunan kitab sayı baxımından dünya sıralamasında doqquzuncu yerə gəlməsi sadalanır.

Rejimi dəstəkləyənlərin ən mühüm arqumentlərindən biri müstəqil xarici siyasətdir.

Hərçənd ki, iqtisadi böhrana parallel olaraq Qərbə düşmənçiliyin məntiqini sual edənlərlə yanaşı, İraq, Suriya, Yəmən, Livan və Fələstinə yardımlara qarşı da "əvvəlcə İran" deyənlərin sayı artır.

İnqilabı görməyən və bu gün əhalinin təxminən dörddə üçünü təşkil edən yeni nəsillərə iqtisadi, siyasi, inzibati sistem, haqq-hüquq və azadlıq sahəsindəki bulanıq mənzərini izah etmək asan deyil.

İranda inqilabın 40-cı ildönümü şərəfinə nümayiş etdirilən raketlərdən biri

Üstündən xətt çəkilən inqilabçıların hekayəsi

İranın daxilində mühafizəkarlardan tutmuş islahatçılara qədər müxalifət bir yana, inqilabın İrandan qaçmağa məcbur etdiyi geniş və fəal bir İran disporası da mövcuddur. Onların gündəmi Evin Həbsxanası, siyasi məhbuslar, işgəncələr, edamlar, qadağalar, senzuralar və təzyiqlərdir.

Parisin Montparnesse küçəsində müxalifət etirazlarının plakatlarında təsvir edilən İran, dini lider Ayətullah Əli Xameneyinin çagırışı ilə küçələrə axışan milyonların İranından çox fərqlidir. Fransa, Xomeyniyə ev sahibliyi etdiyi kimi, illərdir ki, İslam rejimi əleyhdarlarının da sığınacaq yeridir.

Neauphle-Le-Chateau kəndində Xomeyninin yanında 3 molla ilə yanaşı, köməkçi olaraq 3 gənc vətəndaş vardı: Əbül-Həsən Bəni Sədr, İbrahim Yezdi və Sadiq Qutubzadə. Bu üçlüyün başına gələnlər inqilabla bağlı müzakirələrin mahiyyətini təşkil edir.

İnqilabdan sonra Sədr İranın ilk prezidenti olarkən əvvəlcə Yezdi, sonradan Qutubzadə xarici işlər naziri postuna oturdu.

"Xalqın Mücahidləri", "Xalqin fədailəri" və "Tudeh" kimi hərəkatlar qanundan kənar elan edilib İnqilab Məhkəməsində edamlar başlayarkən, Xomeyninin "demokratik" yoldaşlarının da üstündən xətt çəkildi.

Bunlar mollaların gözündə düşmənlə iş görməyə əlverişli olan "çürük" müsəlmanlardı və yol yaxınkən onlardan qurtulmaq lazım idi.

Əbül-Həsən Bəni Sədr

Vəzifəsindən kənarlaşdırılan Əbül-Həsən Bəni Sədr Fransaya qaçdı. Hazırda Versal şəhərində yaşayır, Fransa hökuməti onu qoruyur. Özü isə qoyub getdiyi yerdən vəzifəsini geri alacağı arzusu ilə yaşayır.

Qutubzadə İnqilab Məhkəməsinin edama göndərdiyi ilk insanlardan biridir. Uzun illər nəzarət altında yaşayan Yezdi isə 2017-ci ildə Türkiyənin İzmir şəhərində xərçəngdən vəfat edib.

Yezdi 1995-ci ildə İstanbulda onunla aldığım müsahibədən sonra Tehrana qayıtdığı zaman həbs olunmuşdu. İrəli sürülən ittiham isə mediaya verdiyi müsahibələrdə İslam rejimini qaralamaqdı. Yezdinin ən sərt sözü "İnqilabın prinsiplərindən kənara çıxıldı" şəklindəydi.

Keçmiş baş nazir Məhəmməd Müsəddiqın nəvəsi, inqilaba dəstək verən Milli Demokratik Cəbhənin lideri Hidayətulla Mətin-Dəftəri də Parisdə sürgündədir.

İnqilabın etnik qruplarla imtahanı da çox pis oldu. Kürdistan bölgəsində muxtariyyat istəyən kürdlər yatırıldı. Hürrəmşəhrdə (Xuzistan) eyni təmənnası olan ərəblərin taleyi də fərqli deyildi.

İslamçı sıraların ləğvi

Əslində üstündən xətt çəkilənlər solçular, liberallar, 1906-cı il konstitusiyasına qayıdışı müdafiə edən milliyyətçilər ya da ki muxtariyyat axtaran etnik hərəkatlar deyil, İslam rejiminin onurğasında yer alan isimlər də bir şəkildə zərərsizləşdirildi.

Keçmiş Baş Nazir Mir Hüseyn Musəvi və keçmiş məclis sədri Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli seçkilərdən sonra hələ də ev dustağıdırlar. İkisinə də "fitnəçi" deyilərək, etimad göstərilmədi.

Xomeyninin islahatçı cəbhəni dəstəkləyən uşaqları və nəvələri də "günahkarlar siyahısı"na daxil oldular. "Yaşıl Hərəkat"ın tərəfində olması səbəbiylə Xomeyninin nəvəsi Həsən Xomeyni də "fitnəkar" hesab edildi.

Həsən Xomeyni 2016-cı ildə dini lideri seçmək və vəzifəsindən çıxarmaq səlahiyyətinə sahib Mütəxəssislər Məclisinə üzvlük uğrunda mübarizə aparmaq istəyən zaman ona veto qoyuldu.

Xomeyninin digər nəvəsi Zəhra Əşraki və həyat yoldaşı Məhəmməd Rza Hatəminin məclis seçkilərində iştirakları Konstitusiyanı Qoruyanlar Şürası tərəfindən qadağan edilmişdi. Xomeyninin bir başqa nəvəsi Əli Əşrakinin 2008-ci ildəki seçkilərdə iştirakının qarşısı alındı.

Xomeyni və oğlu Əhməd

İnqilabın ideoloqlarından olan ayətullah Talegani, ayətullah Mütəhhari və ayətullah Beheştinin uşaqları da "Yaşıl hərəkatı" dəstəklədiklərinə görə, "fitnəçi" elan edildilər.