Ağdaşda heyvanlarda vərəm və manqoya görə müayinələr aparılır (FOTO)


Digərləri 12 Fev 2019 16:53:47 203 0

Ağdaşda heyvanlarda vərəm və manqoya görə müayinələr aparılır (FOTO)

Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bakı. Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DBX-dən Trend-ə verilən məlumata görə, hazırda Ağdaş Rayon Baytarlıq İdarəsi tərəfindən aparılan tədbirlər çərçivəsində rayonun Şəkili kəndində yerləşən Can Tanrıövərə məxsus “Türyançay” fermer təsərrüfatında 1200 baş iribuynuzlu və 18 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 45 251 baş iribuynuzlu heyvanda qarayara, 3644 baş qapı itində isə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 8000 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Bütün ölkədə olduğu kimi, fevralın ayının 10-dan başlayaraq Ağdaş rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Ağdaşda bu xəstəliyə qarşı 131 319 baş iribuynuzlu (A, O, Asiya-1 tipinə qarşı), 56 852 baş xırdabuynuzlu (A,O tipinə qarşı) heyvanda aparılması nəzərdə tutulub. Artıq 10500 baş iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur. Tədbirlər davam etdirilir. Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəlikləri kimi, "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı"na daxil edilib.