Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edildi


Siyasət 12 Fev 2019 15:37:00 213 0

Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edildi

Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" qanun layihəsinə öz əksini tapıb.

9 maddədən ibarət olan yeni qanun layihəsi Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər).

Azərbaycan Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa (asılarsa) Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Dövlət bayrağına tərəf baxmalıdırlar.

Azərbaycan ərazisində olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Dövlət Himni ifa edilən zaman onu ayaq üstə və sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Himninə dair məhdudiyyətlərə əsasən, himnin musiqisi musiqi əsərlərində istifadə edilə bilməz.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.

Son.az