Elman Rüstəmov yüksək kredit faizlərindən danışdı


Digərləri 12 Fev 2019 13:54:00 216 0

Elman Rüstəmov yüksək kredit faizlərindən danışdı

Azərbaycanda kredit faizləri niyə bu qədər yüksəkdir və Mərkəzi Bankın uçot dərəcəsini azaltması belə bu bazara təsir etmir?

Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də "at belindədir".

Mərkəzi Bank sədri Elman Rüstəmov oxu.az-a açıqlamasında bunun səbəblərinin dərin və müxtəlif olduğunu, eyni zamanda, yalnız Mərkəzi Bankda, pul bazarında deyil, digər sahələrdə də ciddi islahatlar tələb edildiyini vurğulayıb.

"Mərkəzin Bankın ölkə banklarında kredit portfelinin həcmi təxminən 400 milyon manatdır. Bu həcm bank aktivlərində çox kiçik bir rəqəmdir. Heç bir Mərkəzi Bank bu resurslarla bazarlara təsir göstərmir. Mərkəzi Bankın təsir gücü müəyyən etdiyi uçot dərəcəsinin bankların bir-birinə verdiyi pulun dəyərinə, onun qiymətinə təsiridir. Bunu yaratmaq üçün çox ciddi şərtlərin olması lazımdır.

Bu, təkcə Mərkəzi Bankda, pul bazarında yox, digər sahələrdə də ciddi islahatlar tələb edir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində biz bu təsir gücünü yarada biləcəyik. Bu isə ona gətirib çıxaracaq ki, biz bütün dünyada qəbul edilən inflyasiyanın alternativ təsir lövbərini yaradacağıq. Bu lövbər imkan verəcək ki, inflyasiyaya manatın təsirini yumşaldaq. Bu istiqamətdə çox ciddi işlər görürük".

Azərbaycanda uçot dərəcəsinin kredit və depozit bazarına hazırkı təsirinə gəlincə, ölkənin baş bankiri bildirib ki, depozit dərəcələrinə müəyyən qədər təsir göstərir və burada qismən dinamika var, amma kredit faizlərinə təsir mexanizmi çox zəifdir.