İslahatlar və minimum əməkhaqqının artırılması: eyni prosesin tərkib hissələri


Digərləri 12 Fev 2019 13:26:51 177 0

İslahatlar və minimum əməkhaqqının artırılması: eyni prosesin tərkib hissələri

2018-ci ilin prezident seçkilərindən sonra başlanmış kadr, antikorrupsiya, struktur və vergi islahatları özünün ikinci mərhələsinə qədəm qoydu

Bakı. 2018-ci ilin prezident seçkilərindən sonra başlanmış kadr, antikorrupsiya, struktur və vergi islahatları özünün ikinci mərhələsinə qədəm qoydu. 8 fevral 2019-cu il tarixdə minimum əməkhaqqının artırılması haqqında Prezident sərəncamı məhz ikinci mərhələnin başlanmasının işarəsidir. Bu, ikinci mərhələ isə təbii ki, birinci mərhələnin məntiqi nəticəsidir. İslahatların birinci mərhələsində gömrük və vergi orqanlarında qeyri-şəffaflığa son qoyulması ilə büdcə gəlirlərinin artıtılmasına və paralel olaraq struktur islahatları nəticəsində büdcə xərclərinin azaldılmasına nail olundu. Əhali bu mərhələnin nəticələrini gömrük, vergi və başqa dövlət orqanları ilə ünsiyyətdə hiss etdi. İslahatın bu mərhələsi büdcəyə vəsait axınını gücləndirdi. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə gücləndikcə büdcə vəsaitlərinin xərclənməsi də səmərəli məcraya yönəldildi. Vergi islahatlarının da kölgə iqtisadiyyatını xeyli məhdudlaşdıracağı gözlənilir. Martın 1-dən həmin ötənilki islahatlar və pozitiv gözləntilər üzərində islahatların yeni mərhələsinə start verilir. Əhali 2018-ci ilin prezident seçkilərindən sonra başlanmış islahatların ikinci mərhələsinin nəticələrini minimum əməkhaqqının artırılması ilə hiss etdi. Bu baxımdan 8 fevral 2019-cu il tarixli sərəncamla minimum aylıq əməkhaqqının artırılması islahatların əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətindəki təsirləridir. Odur ki, ötən il başlamış və bu il davam etdirilmiş islahatlarla minimum əməkhaqqının artırılmasına dair sərəncama eyni prosesin tərkib hissəsi kimi baxmaq lazımdır. Belə ki, 2018-ci ildə aparılmış islahatların nəticəsində büdcəyə daha çox vəsait daxil olmağa başlayır və büdcə vəsaitləri daha səmərəli xərcləndiyi təqdirdə əməkhaqları və pensiyalar artırılır. Bu, həm də aparılan islahatların ilkin sosial nəticələridir. Ona görə ilkin nəticələrdir ki, zaman keçdikcə islahatların gətirdiyi səmərə də artacaq, büdcədə daha çox vəsait toparlanacaq və buna paralel olaraq sosial müdafiəni gücləndirmək üçün mənbələr daha da genişlənəcək. Ona görə ki, büdcəyə daxil olan vəsaitin artması və bu vəsaitlərin daha səmərəli istifadəsi ilə sosial müdafiə arasındakı əlaqə birləşmiş qablar əlaqəsidir və səbəb-nəticə bağları ilə birləşir. İlk dəfədir ki, çoxdan can atılan bir hədəfə çatmaq mümkün oldu: Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumu ilə bərabərləşdi. Bu, çox vacib bir sosial göstəricidir. Sosial müdafiə bazarın və istehsalın stimulu kimi Ancaq islahatların nəticəsi olan sosial müdafiənin gücləndirilməsinin müsbət iqtisadi təsirləri də var. Belə ki, bazara əlavə 400 milyon manat təkcə minimum əməkhaqqının artması nəticəsində daxil olacaq. Bundan əvvəl pensiyaların artımı da birinci mərhələdə baş verib. Bu artımlar bazarda alıcılıq qabiliyyətini yüksəldir və pərakəndə satışı stimullaşdırır. Məhz pərakəndə satışın səviyyəsi istehsalçılar üçün siqnal rolunu oynayır. Pərakəndə satış artırsa, deməli, daha çox istehsal etmək üçün imkan yaranır. Odur ki, pərakəndə satışın canlanması ilə dürüst gömrük siyasəti üst-üstə düşdüyü təqdirdə yerli istehsal canlanır. Bu da yerli istehsalçının maraqlarına cavab verir. Həm də gözlənilir ki, bu artımlar inflyasiyanın yüksəlməsinə səbəb olmayacaq. Ona görə ki, yeni, liberal islahatlar istehsalı stimullaşdırmağa yönəlib, bu da yerli istehsalın artacağı və bazara daha çox məhsul çıxarılması, deməli, bazarda təklifin artacağı anlamına gəlir. İstehsal artdığı və təklif böyüdüyü halda isə sosial müdafiə formasında bazara əlavə pul buraxılması, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi yalnız tələbi stimullaşdıra və artan təklifə adekvat hala gətirə bilər. Bu da doğru siyasətdir. Ona görə ki, sosial müdafiə ilə iqtisadi dirçəlişi bir paketdə birləşdirir. İbrahim Məmmədov, tarix üzrə fəlsəfə doktoru Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin