Gələn aydan aparıcı qəzetlər rəngli tərtibatda çıxacaq?


Digərləri 12 Fev 2019 12:10:00 224 0

Gələn aydan aparıcı qəzetlər rəngli tərtibatda çıxacaq?

Bu ilin mart ayından etibarən Azərbaycanda aparıcı qəzetlərin rəngli tərtibatda çıxması planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqə şərtlərinə cavab verən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Report"a açıqlamasında rəhbəri olduğu qəzetin rəngli çıxmasını istədiyini deyib.

"Maliyyəmiz rəhbərlik etdiyimiz qəzetin hansı tərtibatda çıxacağına imkan verəcəksə, elə də olacaq. Mənim də ciddi məqsədlərimdən biri budur. Bir baş redaktor olaraq məqsədim odur ki, qəzetimiz rəngli görünüşə malik olsun", - A.Quliyev vurğulayıb.

Baş redaktor bildirib ki, qəzetin məzmununun yüksək səviyyədə olması ilə yanaşı, həm də onun tərtibatı müasir poliqrafik keyfiyyət göstəricilərinə cavab verməlidir: "Bütün bunlarla yanaşı qəzetin indiki şəraitdə müasir kommunikasiya texnologiyalarının verdiyi bütün imkanların qəzet təsərrüfatında cəmləşdirilməsi və özünü göstərməsi çox vacibdir".

O bildirib ki, hazırda əvvəlcədən qəzetin tərtibatı ilə bağlı dəqiq proqnoz vermək çətindir: "İnanmıram ki, hansısa redaktor rəhbərlik etdiyi qəzetin üç aydan sonra hansı rəngdə çıxacağı ilə bağlı dəqiq proqnoz versin. Çünki bu, bizim istəyimizlə yanaşı qəzetin maliyyə imkanlarından da aslıdır. Maliyyə imkanlarının da bir hissəsini dövlət, digər hissəsini isə qəzetlər öz üzərinə götürür. Əlbəttə, mənim də istəyim odur ki, baş redaktoru olduğum qəzetin məzmunu ilə yanaşı görüntüsü də yüksək səviyyədə olsun. Hesab edirəm ki, bu, bütün baş redaktorların arzusudur".

A.Quliyev "Bakı Xəbər" qəzetinin çap versiyası ilə yanaşı www.baki-xeber.com internet portalının dizaynını təkmilləşdirməyi də planlaşdırır. Baş redaktor hesab edir ki, saytın təkmilləşdirilməsinə bütün hallarda ehtiyac var.